Bakıda yeni tikili binalarda birotaqlı mənzil qıtlığı: İki otağa düzəldilən mənzillərin problemləri

Bakıda yeni tikili binalarda birotaqlı mənzil qıtlığı: İki otağa düzəldilən mənzillərin problemləri Son dövrlər Bakıda kiçik həcmli mənzil tapmaq çətinləşib.
Biznes
23 İyun , 2023 16:20
Bakıda yeni tikili binalarda birotaqlı mənzil qıtlığı: İki otağa düzəldilən mənzillərin problemləri

Son dövrlər Bakıda kiçik həcmli mənzil tapmaq çətinləşib.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

V.Oruc bunun səbəbi kimi daşınmaz əmlaka yatırım edənlərin əsasən birotaqlı mənzillərə üstünlük verdiyini qeyd edib:

“Birotaqlı mənzil alanlar onu ikiotaqlıya çevirib yaşayış üçün komfort vəziyyətə gətirir və kirayə bazarına təklif edirlər. Kirayə bazarının əsas müştəriləri tələbələr və yeni qurulmuş ailələrdir. Bu kontingentə böyük sahəyə malik mənzili kirayəyə götürmək sərf eləmir. Ona görə də kiçik sahəli mənzillər əldə edirlər ki, onların yaşayışı üçün uyğun olsun və tələblərinə cavab versin. Bu baxımdan bazarda hazırda birotaqlı mənzillərin qıtlığını hiss edirik. Bu hal xüsusilə də Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyadakı azərbaycanlı iş adamlarının bir çoxunun öz vəsaitlərini investisiya olaraq Bakıya yönəltməsindən sonra yaşanır. Həmin investisiyalar böyük sahəli mənzillərə yönəldilməyib. Çünki böyük sahəli mənzillərin kirayəyə verilməsi çətindir. Eyni binada birotaqlı və üç otaqlı mənzillər üzrə müqayisə aparsaq, görərik ki, birotaqlı mənzillərin kirayəyə verilmə faizi çox otaqlılardan təqribən 50 % çoxdur. Daimi yaşamaq üçün müəyyən yığım imkanlarına malik ailələr böyük həcmli mənzillərə üstünlük verir. Ailə üzvlərinin sayı çox olan ailələr də iri həcmli mənzillərə üz tutur”.

O bildirib ki, birotaqlı mənzillərin qıtlığı onların qiymətlərinə də təsir göstərir:

“Birotaqlı mənzilləri adətən yeni tikilmiş binalarda, hələ bina bünövrə səviyyəsində olanda tapmaq uyğun olur. Bina tikilməzdən əvvəl onların ödənişini edib əldə etmək daha məqsədəuyğundur. Bu zaman həmin mənzilin təkcə birotaqlı olması yox, onun daxilində planlama işlərinin aparılmasının mümkünlüyü də nəzərə alınmalıdır. Çünki bütün birotaqlı mənzillər bu məqsəd üçün uğurlu deyil. Məsələn, köhnə binalarda 28-33 kvadrat metr həcmdə birotaqlı mənzillər var. Onlarda yaşamaq o qədər də komfortlu deyil. Amma yeni tikililərin 50-70 kvadrat metr həcmli birotaqlı mənzillərinin çox asanlıqla iki otaqlıya düzəldilməsi mümkündür. Hazırda Bakıda köhnə binalara nisbətən yeni tikili binalarda birotaqlı mənzilləri tapmaq daha asandır. Bazarda birotaqlı mənzillərin satışını az da olsa, hələ də görmək olur. Birotaqlı mənzillər getdikcə daha da azalacaq. Çünki bunlar iri investisiya layihələri üçün məqsədəuyğundur. Yığım qabiliyyəti olan ailələr, yaxud biznes adamları mənzilləri əldə edərək onların aylıq kirayəsi ilə öz kiçik biznesini qurur".

V.Oruc hesab edir ki, mənzil sahibinin daxili planlama işlərində istənilən dəyişiklik etmək imkanları var: "Bir şərtlə ki, əsas ağırlıq daşıyan sütunlarına əl dəyilməsin. Həmin sütunlara toxunulsa, bu gələcəkdə faciələrə yol aça bilər. Yalnız köməkçi divarların yerinin dəyişilməsi yaxud sökülməsi ilə planlama işlərində dəyişikliklərin edilməsi mümkündür. Bu da təbii ki, tam mülkiyyətçinin öz hüququdur”.

Son xəbərlər

Orphus sistemi