Bakıda Qazaxıstan Ticarət Evi açılacaq

Biznes
  • 14 fevral, 2025
  • 12:11
Bakıda Qazaxıstan Ticarət Evi açılacaq

Bakıda Qazaxıstan istehsalçılarının məhsul və xidmətlərinin təşviqi üçün platforma rolunu oynayacaq Qazaxıstan Ticarət Evi açılacaq.

Bu barədə “Report”a Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının həmsədri, KIT biznes icmasının təsisçisi Dauren Bimov məlumat verib.

O, bu yaxınlarda Qazaxıstanın Azərbaycandakı səfirinin dəvəti ilə İşgüzar Şuranın həmsədri olduğunu bildirib. Şuranın fəaliyyəti çərçivəsində onun nümayəndələri Bakıdakı Türk Ticarət Mərkəzinin fəaliyyəti ilə tanış olub və məqsədlərin strateji uyğunluğunu görüblər.

"Biz sahibkarlığı inkişaf etdirməyə, ekoloji biznes təşəbbüslərini dəstəkləməyə və iqtisadi əməkdaşlığı təşviq etməyə çalışırıq. Bu mərkəzdəki Qazaxıstan Ticarət Evi istehsalçılarımızın təqdim edilməsi, işgüzar əlaqələrin qurulması və azərbaycanlı tərəfdaşlarla təcrübə mübadiləsi üçün mühüm addım olacaq", - D.Bimov qeyd edib.

Bundan əlavə, KIT biznes icması Bakıda öz nümayəndəliyini açmağı planlaşdırır.

"Biz Qazaxıstan və Azərbaycan arasında işgüzar əlaqələrin genişləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində fəal işləyirik. Qazaxıstanda təsis edilmiş KIT icması artıq 400-dən çox sahibkarı birləşdirir və 7 ölkədə təmsil olunur. Bakı 8-ci məkan olacaq və nümayəndəliyin bu il açılması planlaşdırılır", - o əlavə edib.

Xatırladaq ki, bu il yanvarın 21-də Türk Ticarət Mərkəzində Qırğızıstan Ticarət Evinin açılışı olub. Ticarət Evi Qırğızıstan məhsullarının Azərbaycan bazarında təşviqi və iki ölkənin biznes icmaları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün platformadır. Onun əsas vəzifəsi Qırğızıstandan məhsulların, o cümlədən regionda tələbatın yüksək olduğu kənd təsərrüfatı məhsulları, tekstil və digər yüksək keyfiyyətli malların ixracının inkişafına kömək etməkdir.