Sverdlovsk vilayətinin Xarici İqtisadiyyat naziri: "Biz hər bir azərbaycanlı biznesmenlə işləməyə hazırıq"

Sverdlovsk vilayətinin Xarici İqtisadiyyat naziri: "Biz hər bir azərbaycanlı biznesmenlə işləməyə hazırıq" Bu gün Bakıda Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevın Azərbaycana rəsmi səfəri ilə əlaqədar Azərbaycan-Rusiya biznes-forumu keçirilir.
Biznes
12 Sentyabr , 2019 11:02
Sverdlovsk vilayətinin Xarici İqtisadiyyat naziri: Biz hər bir azərbaycanlı biznesmenlə işləməyə hazırıq

Bu gün Bakıda Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevın Azərbaycana rəsmi səfəri ilə əlaqədar Azərbaycan-Rusiya biznes-forumu keçirilir.

"Report"un xəbərinə görə, tədbiri giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, belə biznes-forumlar iki ölkə arasında ticarət əlaqələrin inkişafına xidmət edir:" Bu əlaqələrin inkişafında Sverdlovsk vilayəti də vacib əhəmiyyətə malikdir. Dünən Sverdlovsk vilayəti ilə Azərbaycan arasında bir sıra sənədlər imzalandı. Həmin imzalanan sənədlər arasında təhsil sahəsində imzalanmış müqavilələr də mühüm əhəmiyyətə malikdir. Bu, bir daha iki ölkə arasında əlaqələrin çoxşaxəli olduğunu sübut edir".

Nazir müavini vurğulayıb ki, Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşıdır: "Rusiyanın Cənubi Qafqazla ticarətin yarısı Azərbaycanın payına düşür. Belə ki, bu ilin yeddi ayında iki ölkə arasında ticarət dövriyyəsi 23 faiz artıb. Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar investisiya yatırıb, Azərbaycan isə Rusiyaya 1,2 milyard dollar yatırıb".

R.Məmmədov qeyd edib ki, ötən il Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsi 95 milyon dollar təşkil edib, bu il 100 milyonu keçəcəyinə ümid edirik: "Sverdlovsk vilayəti ilə ticarət əlaqələrin genişləndirilməsi üçün böyük potensial görürük".

Sverdlovsk vilayətinin Beynəlxalq münasibətlər və xarici iqtisadiyyat üzrə naziri Vasiliy Kozlov isə bildirib ki, ötən il Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət əlaqələri genişlənib: "Lakin bu, sonuncu hədd deyil".

Onun sözlərinə görə, ticarət əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur: "Biz azərbaycanlı hər bir biznesmenlə işləməyə hazırıq".

Qeyd edək ki, biznes-forum çərçivəsində Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin "VİNAZ" MMC, həmçinin Azərbaycanda Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin "TEN" şirkətlər qrupu arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Bu anlaşmalar Yekaterinburq şəhərində yaradılacaq Logistika mərkəzi ilə bağlıdır.

Xatırladaq ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19% artıb və 2,5 mlrd ABŞ dollarını keçib. Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsinin həcmi isə ötən ildə 83% artıb və 95 milyon dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi