İlk xəbər saat 12:42-də verilib
Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Çexiya biznes forumu işə başlayıb.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıb.
O, Çexiyanın Azərbaycanın strateji tərəfdaşı deyərək biznes forumda qarşı tərəfdən 30 -a yaxın, Azərbaycan tərəfdən isə 100 şirkətin iştirak etdiyini bildirib.
Nazir dəmiryolu sahəsində, o cümlədən konteynerlərin istehsalı ilə bağlı əməkdaşlıq üçün böyük potensial olduğunu qeyd edib.
"Bu ilin I yarısında Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 2 dəfə artıb. Çexiyanın Cənubi Qafqaz regionu üzrə xarici ticarətinin 85%-i Azərbaycanın payına düşür. Hazırda ölkəmizdə 25 Çexiya şirkəti fəaliyyət göstərir. Çexiya Azərbaycana 30 mln. dollar investisiya yatırıb. Azərbaycanın Çexiyaya investisiyası isə bu rəqəmdən yüksəkdir", - Ş.Mustafayev əlavə edib.
***
Biznes forumda çıxış edən Çexiyanın sənaye və ticarət naziri Marta Novakova isə deyib ki, ölkəsi Azərbaycanla əczaçılıq və kimya sənayesi sahələri üzrə əməkdaşlıq edə bilər.
"Azərbaycanla Çexiyanı tərəfdaşlıq əlaqələri birləşdirir. Çexiya şirkətləri uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Azərbaycanın inkişaf etdiyi bir sıra sahələrdə əməkdaşlıq edə bilərik. Bugünki tədbir də əməkdaşlığa töhfə olacaq", - o qeyd edib.