Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək

Elm və təhsil
  • 16 noyabr, 2026
  • 13:24
Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək

Tbilisidə noyabrın 17-də Azərbaycan universitetlərinin təhsil sərgisi təşkil olunacaq.

Bu barədə "Report"un Gürcüstan bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, sərgi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi çərçivəsində keçiriləcək.

Tədbirin əsas məqsədi "Study in Azerbaijan" layihəsi çərçivəsində Gürcüstanda yaşayan şagirdləri, abituriyentləri, tələbələri və valideynləri Azərbaycanın ali təhsil sistemi, universitetləri, ixtisasları, tədris proqramları və qəbul imkanları barədə məlumatlandırmaqdır.

Sərgidə Azərbaycanın 10-dan çox aparıcı universitetinin nümayəndələri iştirak edəcək. Ziyarətçilər universitetlərdə tədris olunan ixtisaslar, qəbul qaydaları, təqaüd imkanları və tələbə həyatı ilə bağlı məlumat əldə edə, suallarını birbaşa ali təhsil müəssisələrinin nümayəndələrinə ünvanlaya biləcəklər.

Səfirlik Gürcüstanda yaşayan və Azərbaycanda ali təhsil almaqla maraqlanan şəxsləri tədbirdə iştiraka dəvət edir.