Bakıda 3 otaqlı mənzillərin qiyməti daha çox Xətai və Nərimanov rayonlarında artıb
- 06 may, 2024
- 09:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin aprel ayında Bakının daşınmaz əmlak bazarında köhnə tikililərdə 3 otaqlı mənzilin qiyməti (1 kvm-ə görə) ötən ilin müvafiq dövrü ilə müqayisədə ortalama olaraq 7,5 % artıb.
Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ötən ay paytaxtda yeni tikililərdə 3 otaqlı mənzilin qiyməti isə (1 kvm-ə görə) ötən ilin eyni ayı ilə müqayisədə ortalama 10,4 % artıb.
O bildirib ki, Bakıda 3 otaqlı mənzilin qiyməti köhnə tikililərdə ən çox Nərimanov və Xətai rayonlarında bahalaşıb:
“Nərimanov rayonunda bahalaşma ötən ilin eyni ayı ilə müqayisədə 10 % olub. Yeni tikililərdə isə qiymət artımı illik müqayisədə 12,8 % təşkil edib. Xətai rayonunda 3 otaqlı mənzilin qiyməti 1 kvm-ə görə köhnə tikililərdə 10 % (yeni tikililərdə 13,9 %), Qaradağ rayonunda 3 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 3,8 %, yeni tikililərdə 6,1 % təşkil edib”.
V. Oruc deyib ki, Suraxanı rayonunda hər 1 kvm-ə görə 4,6 % (yeni tikililərdə 6,4 %), Sabunçu rayonunda 5,2 % (yeni tikililərdə 6,6 %), Binəqədi rayonunda 7 % (yeni tikililərdə 7,7 %) olub: “Bundan başqa, bu müddət ərzində Nəsimi rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə 7,3 % (yeni tikililərdə 11,7 %), Nizami rayonunda 8,1 % (yeni tikililərdə 13,9 %) təşkil edib. Həmçinin, Yasamal rayonunda 3 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 8,5 %, yeni tikililərdə isə 12,8 % artıb”.