Gələn il İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Latviyanın Ticarət və Sənaye Palatası (Latvian Chamber of Commerce and Industry - LCCI) arasında anlaşma memorandumunun imzalanması gözlənilir.
"Report" xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü"ndən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sənəd iki ölkə arasında idxal-ixrac əməliyyatlarının artırılmasını, qarşılıqlı olaraq şirkətlərin sayının artırılması məsələlərini ehtiva edir.
"Ticarət dövriyyəmiz iki ölkənin potensialını əks etdirmir. Biz düşünürük ki, bunun üzərində ciddi işləmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən Latviya şirkətlərinin sayı 40-dan çox deyil "- deyə AZPROMO rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bu gün tədbirdə həm Azərbaycandan, həm də Latviyadan 20-ə yaxın şirkət iştirak edib.