AZPROMO-nun nümayəndə heyəti Naxçıvanda səfərdədir

Biznes
  • 05 iyul, 2023
  • 11:53
AZPROMO-nun nümayəndə heyəti Naxçıvanda səfərdədir

Bu gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvan MR-na işgüzar səfər edib.

"Report"un yerli bürosu xəbər verir ki, qonaqlar Prezidentin muxtar respublikadakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçiriblər.

Görüşdə “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayan F.Nəcəfli bu istiqamətdə artıq alt tədbirlər planının formalaşdırılmasına başlanıldığını qeyd edib. O, bildirib ki, yaxın gələcəkdə Naxçıvan iqtisadiyyatında yeni dəyərlər yaradılacaq. Bundan başqa, görüşdə Naxçıvanda istehsal olunan məhsulların ixrac potensialından, “Orqanik Naxçıvan” brendi altında məhsulların istehsalı, emalı, tədarükü və ixracı istaqamətində görüləcək işlərdən bəhs olunub.

Daha sonra nümayəndə heyətinin Naxçıvanın iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşü olub. Görüşdə Naxçıvanın ixrac potensiallı məhsullarının keyfiyyətinə əminlik ifadə olunub. AZPROMO-nun dəstəyi ilə bu məhsulların təbliği istiqamətində işlərin görülməsinin vacibliyi vurğulanıb. Ardınca Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən, ixrac potensiallı məhsul istehsal edən sahibkar və investorlarla görüş olub. T.Əliyev vurğulayıb ki, AZPROMO-nun dəstəyi ilə Naxçıvan sahibkarlarının ölkəmizin digər bölgələrində və xaricdə keçirilən biznes forumlarda iştirakının təmin edilməsi və həmin forumlarda istehsal etdiyi məhsulların təqdimatını həyata keçirməsi sahibkarlıq əlaqələrinin genişləndirilməsinə gətirib çıxaracaq.

AZPROMO-nun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Yusif Abdullayev rəhbərlik etdiyi qurumun Naxçıvanda nümayəndəliyinin yaradılmasının vacibliyini vurğulayaraq bildirib ki, Naxçıvanda istehsal olunan məhsulların daxili bazarda satışının təmin edilməsi üçün logistika subsidiyalarının ayrılması nəzərdə tutulub.

Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və İqtisadiyyat Nazirliyinin şöbə müdiri Orxan Abidinov yerli məhsulların bir çox beynəlxalq sərgilərdə nümayiş olunmasında, ixracın təşviqində və investisiyaların cəlbində AZPROMO-nun dəstəyini yüksək qiymətləndiriblər. Daha sonra AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı qurumun dəstək mexanizmləri haqqında təqdimat edib, sahibkarlar və investorların təklifləri dinlənilib.

Səfərin məqsədi Naxçıvanda istehsal olunan məhsulların ixracının təşviqi, xarici investorların çətinliklərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması, birbaşa xarici investisiyaların cəlbi məqsədilə ixrac imkanlarının araşdırılmasıdır.

44 filmi