"Cari ilin əvvəlindən etibarən, “AzerGold” da daxil olmaqla müvafiq dövlət qurumları tərəfindən hazırlanan təkliflər əsasında vergi və gömrük qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində olduqca vacib addımlar atılıb".
"Report" xəbər verir ki, bunu "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov zərgərlik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forumda bildirib.
O qeyd edib ki, qızıl və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik kimi qədim peşələrin inkişafına töhfə verilməsi, onların fəaliyyətinin dəstəklənməsi məqsədilə vergi və gömrük ödənişlərinə güzəştlər və aksiz vergisindən azadetmə ilə bağlı Azərbaycan Respublikasının 23 fevral 2021-ci il tarixli Qanunu ilə Vergi Məcəlləsinə dəyişikliklər edilib:
"Həmçinin, Nazirlər Kabinetinin 5 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməsi barədə” qərarına əsasən, 6 may 2021-ci il tarixindən Azərbaycana gətirilən xammal formasında qızıl və gümüş 15 % idxal gömrük rüsumundan azad olunub.
Heç şübhəsiz, sözügedən dəyişiklər nəticəsində zərgərlik sahəsi üzrə nəzərəçarpacaq inkişafın əldə olunması, həmçinin ölkə büdcəsinə vergi və rüsum formasında daxilolmaların iki dəfəyədək artması gözlənilir. Bununla yanaşı, artıq qızıl istehsalçıları rəsmi və şəffaf formada xammal əldə etmək və bu xammaldan istehsal ediləcək qızıldan hazırlanan məmulatların ixracını rahatlıqla həyata keçirmək imkanı qazanacaqlar. Əlavə olaraq zərgərlik məmulatlarının dövriyyəsinə və keyfiyyətinə nəzarət mexanizminin tətbiq edilməsi, zərgərlik bazarında maliyyələşdirmə və stimullaşdırma mexanizmlərinin formalaşdırılması bu sahənin daha da genişlənməsinə, sahibkarların sənayenin bu növünə daha çox investisiya yatırmalarına səbəb olacaq.
Ölkəmiz tarixi zərgərlik ənənələri ilə tanınıb. Son dövrlər bu sahədə tənəzzül müşahidə olunsa da, hesab edirəm ki, bu peşənin mərkəzləşdirilmiş qaydada, kütləvi tədrisiylə nəsildən nəsilə ötürülməsi məqsədilə peşə təhsil məktəblərinin yaradılması olduqca vacib məsələdir. Hesab edirəm ki, bu addım da öz növbəsində zərgərlik sənayesinin davamlı inkişafı üçün olduqca səmərəli olacaq".