Azərbaycan və Özbəkistan avtonəqliyyat vasitələrinin istehsalını genişləndirir

Azərbaycan və Özbəkistan avtonəqliyyat vasitələrinin istehsalını genişləndirir İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyi və Özbəkistanın “UzAvtoSanoat” SC arasında "Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının gen
Biznes
1 May , 2023 15:29
Azərbaycan və Özbəkistan avtonəqliyyat vasitələrinin istehsalını genişləndirir

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyi və Özbəkistanın “UzAvtoSanoat” SC arasında "Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu" imzalanıb.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Tviter" səhifəsində bildirib.

"Sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək", - deyə o qeyd edib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nazir "Uzavtosanoat"ın rəhbəri Uluqbek Rozukulovla görüşərək onunla Özbəkistanla avtomobil sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, Azərbaycan-Özbəkistan tərəfdaşlığının dinamik inkişaf etdiyi, investisiya əməkdaşlığının gücləndiyi vurğulanıb. Nazir qeyd edib ki, qarşılıqlı səfərlər və aparılan müzakirələr səmərəli nəticələr verir, işgüzar dialoq genişlənir, özəl sektorun fəallığı artır, yeni ideyalar və təşəbbüslər irəli sürülür. Rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına xidmət edən layihələrin icrasını sürətləndirmək üçün ölkəmizdə biznes və investisiya mühiti qlobal çağırışlara uyğunlaşdırılır. Bununla yanaşı, ixtisaslı kadr ehtiyatı, institusional potensial, səmərəli enerji və nəqliyyat infrastrukturu, beynəlxalq bazarlara çıxış kimi imkanlar da birgə layihələrin icrasını asanlaşdırır.  

M.Cabbarov Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulacaq avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun əhəmiyyətini diqqətə çatdırıb, layihənin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, istehsalın lokallaşdırılması və məşğulluğun təminatına təkan verəcəyini qeyd edib. U.Rozukulov Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitdən məmnunluğunu ifadə edib, Azərbaycanlı tərəfdaşlarla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə  ölkəmizdə avtomobil sənayesinin inkişaf etdirilməsi, bu istiqamətdə Özbəkistanla əməkdaşlığın genişləndirilməsi və istehsal edilən avtomobillərin üçüncü ölkələrə ixrac imkanları müzakirə edilib.  

Son xəbərlər

Orphus sistemi