Azərbaycan və İspaniya iqtisadi əməkdaşlığı genişləndirmək, o cümlədən strateji sahələrdə birgə müəssisələr yaratmaq niyyətindədir.
Bu barədə “Report”a İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyindəki mənbə məlumat verib.
Məlumata əsasən, bu təşəbbüslər “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandum”da əksini tapıb.
Sənəd profilli qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafına, investisiyaların cəlb edilməsinə və texnologiyaların ötürülməsinə yönəlib. Memorandumun həyata keçirilməsi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin təşviqi hesabına ikitərəfli əməkdaşlığın şaxələndirilməsinə imkan yaradacaq. Hər iki qurum investisiyaları təşviq edəcək və kapital, mal və xidmətlərin sərbəst hərəkətinə kömək edəcək.
Bundan başqa, memorandum çərçivəsində tərəflər birgə layihələrin və sənaye sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün əlverişli şərait yaratmağı planlaşdırırlar. Əməkdaşlığın əsas istiqamətlərinə energetika (o cümlədən bərpa olunan enerji mənbələri), su təchizatı, infrastruktur və nəqliyyat, tikinti, aqrar-sənaye kompleksi, mühəndislik və rəqəmsallaşdırma daxildir.
Mənbənin məlumatına əsasən, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İspaniya Ticarət Palatası və İspaniya Sahibkarlar Təşkilatları Konfederasiyası martın 11-də Bakıda keçirilmiş biznes forumundan sonra tərəfdaşlığın inkişafı üzrə işi davam etdirəcək. Tərəflər hazırkı mərhələdə əməkdaşlığın prioritet sahələri və investisiya imkanları barədə məlumat mübadiləsi aparacaqlar.
Bundan əlavə, memorandum çərçivəsində Azərbaycan və İspaniyanın iqtisadiyyat nazirlikləri arasında əməkdaşlığın əsas məsələlərinin müzakirəsi üçün mühüm platforma olacaq Strateji İqtisadi Dialoqun birinci iclası keçirilib. Strateji İqtisadi Dialoqun iki ölkə arasında prioritet sahələrdə qarşılıqlı əlaqələri gücləndirəcəyi gözlənilir.
“Hazırda ölkələr arasında iqtisadi əlaqələr investisiya əməkdaşlığına diqqət yetirilməklə şaxələndirilir. Bu kontekstdə müəyyən edilmiş sektorlarda tərəfdaşlıq üçün yeni perspektivlər açılır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, memorandum martda İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilyanın Bakıya səfəri çərçivəsində imzalanıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 65,12 % azalaraq 309,87 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə İspaniyadan idxal 41,73 % artaraq 146,18 milyon ABŞ dollarına çatıb, Azərbaycandan ixrac isə 79,16 % azalaraq 163,7 milyon ABŞ dolları olub.