Azərbaycan İsveç və İsveçrədən avtomobil şinlərinin idxalını bərpa edib

Biznes
  • 28 mart, 2024
  • 12:01
Azərbaycan İsveç və İsveçrədən avtomobil şinlərinin idxalını bərpa edib

Ötən il Azərbaycan 99,4 milyon ABŞ dolları dəyərində 1 milyon 977 min 174 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 67,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 38 % çoxdur) 1 milyon 371 min 398 ədəd (+31 %), Türkiyədən 11,83 milyon ABŞ dolları dəyərində (-14 %) 194 min 529 ədəd (-26 %), Cənubi Koreyadan 5,1 milyon ABŞ dolları dəyərində (+29 %) 125 min 250 ədəd (+33 %), Rusiyadan 4,73 milyon ABŞ dolları dəyərində (-16 %) 134 min ədəd (+19 %), Yaponiyadan 2,2 milyon ABŞ dolları dəyərində (+9 %) 21 min 924 ədəd (+21 %) məhsul alıb.

Azərbaycan 5 il 4 ayın tamamında İsveçrədən (13,55 min ABŞ dolları dəyərində 76 ədəd) və 1 il 8 aylıq aradan sonra İsveçdən (2,84 min ABŞ dolları dəyərində 16 ədəd) rezin şin tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycanın xaricdən 34 ölkədən aldığı 1,714 milyon ədəd rezin şinin 61,1 %-i Çinin payına düşüb.