Azərbaycan iki ölkəyə duz ixracını bərpa edib
- 09 avqust, 2022
- 10:30
Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə 920,66 min ABŞ dolları dəyərində 8 min 998 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28,3 %, kəmiyyət olaraq – 16,6 % çoxdur.
Hesabat dövründə Gürcüstana 484,98 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,1 dəfə artıb) 3 min 614 ton (+2,4 dəfə), Rusiyaya 424,97 min ABŞ dolları dəyərində (-24,7 %) 5 min 302 ton (-14,6 %), Ukraynaya 9 min ABŞ dolları dəyərində 59,7 ton, Latviyaya 1,42 min ABŞ dolları dəyərində 20 ton (bir il əvvəl tədarük olmayıb) və Estoniyaya 0,2 min ABŞ dolları dəyərində 1,5 ton məhsul satılıb.
İki il 4 aylıq fasilənin ardından Ukraynaya, 1 il 9 aylıq aradan sonra Estoniyaya tədarük bərpa edilib.
Hesabat dövründə xaricdən 507,87 min ABŞ dolları dəyərində 4 min 120 ton duz alınıb ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 17 % və 11,4 % azdır.
İrandan 180,78 min ABŞ dolları dəyərində (+27,5 %) 2 min 259 ton (+26,8 %), Ukraynadan 132,1 min ABŞ dolları dəyərində (-50 %) 993 ton (-48,5 %), Türkiyədən 59,74 min ABŞ dolları dəyərində (-14,3 %) 219,96 ton (-38,4 %), Rusiyadan 97,13 min ABŞ dolları dəyərində (-18 %) 615,52 ton (-20 %), Pakistandan 28,48 min ABŞ dolları dəyərində 24,46 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.