Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması istiqamətində görülən işlər və əhatə olunacaq strateji istiqamətlər müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarında iştirakı ilə bağlı ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfəri ilə bağlı "X" hesabında paylaşdığı məlumatda qeyd edilib.
O, səfər çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassani ilə görüşdüyünü bildirib. Görüşdə Dünya Bankı tərəfindən həyata keçirilən layihələrin Azərbaycanın inkişaf prioritetləri və planlarının reallaşdırılmasına verdiyi mühüm töhfə vurğulanıb. Həmçinin, AMB və Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.