Azərbaycan daha iki ölkədən konteyner almağa başlayıb
- 04 dekabr, 2024
- 10:03
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 5 milyon ABŞ dolları dəyərində 2 min 33 ədəd konteyner idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 87 %, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,5 dəfə çoxdur) 1 min 729 ədəd (+4,2 dəfə), Özbəkistandan 330 min ABŞ dolları dəyərində 110 ədəd, Sinqapurdan 225 min ABŞ dolları dəyərində 75 ədəd (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 122,5 min ABŞ dolları dəyərində (-75 %) 38 ədəd (+7,6 dəfə), Böyük Britaniyadan 75 min ABŞ dolları dəyərində (-59 %) 3 ədəd (-75 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistandan (2 min ABŞ dolları dəyərində 1 ədəd) və Özbəkistandan tədarük həyata keçirilib.