Azərbaycan daha bir ölkəyə ipək ixracına başlayıb

Biznes
  • 10 mart, 2023
  • 07:02
Azərbaycan daha bir ölkəyə ipək ixracına başlayıb

Ötən il ərzində Azərbaycandan xaricə 846,4 min ABŞ dolları dəyərində 20,55 ton xam ipək (eşilməmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 54 % azdır.

Hesabat dövründə Azərbaycan İrana 255,44 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % azdır) 6,55 ton (-72 %), Hindistana 33,96 min ABŞ dolları dəyərində (+80 %) 8 ton (+60 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 172 min ABŞ dolları dəyərində 4 ton və Türkiyəyə 82 min ABŞ dolları dəyərində (-59 %) 2 ton (-65,5 %) məhsul satıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə tədarük həyata keçirilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın ixrac etdiyi (İrana, Özbəkistana, Türkiyəyə və Hindistana) 44,27 ton xam ipəyin 53 %-i İranın payına düşüb.