Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") Azərbaycan hökumətinə yeni təkliflər təqdim etməyə hazırlaşır.
Bunu “Report”a açıqlamasında qurumun icraçı direktoru Natəvan Məmmədova deyib.
Onun sözlərinə görə, həmin təkliflər “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənəddə (Ağ sənəd – White paper) yer alacaq: “Ümumilikdə 10-11 sahə üzrə, təxminən, 50-yə yaxın təklif hazırlamışıq. Bu ayın sonunda nəşr olunacaq”.
"AmCham" rəsmisi deyib ki, “Ağ sənəd”in ilk olaraq ölkə rəhbəliyinə - prezidentə təqdim edilməsi gözlənilir: “İlin sonuna qədər isə təklifləri geniş ictimaiyyətin müzakirəsinə təqdim etməyi düşünürük”.
Təkliflərin vergi, gömrük, bank, maliyyə və sığorta, informasiya texnologiyaları, əmək, miqrasiya məsələləri, turizm, məhkəmə və digər sahələrdə görüləcək işləri əhatə edəcəyi bildirilir.
Xatırladaq ki, "AmCham" 2 ildən bir “White paper” adlanan sənəd hazırlayır. Sonuncu belə sənəd 2016-cı ildə açıqlanıb.