Saymon Kleqq: "Biletlərin "qara bazar"da "ikinci əl"dən satılması yarışların uğurla keçməsindən xəbər verir"

Saymon Kleqq: "Biletlərin "qara bazar"da "ikinci əl"dən satılması yarışların uğurla keçməsindən xəbər verir" "İlk Avropa Oyunlarını işıqlandırmaq üçün dünyanın bir sıra ölkələrindən mətbuat nümayəndələrinin Azərbaycana gəlişi davam edir"
Avropa Oyunları
22 İyun , 2015 11:57
Saymon Kleqq: Biletlərin qara bazarda ikinci əldən satılması yarışların uğurla keçməsindən xəbər verir

Bakı. 22 iyun. REPORT.AZ/ "Hazırda mətbuatla bağlı vəziyyət normaldır. Yəni hər hansı bir jurnalistin akkreditasiyasının ləğv edilməsi haqqında məndə heç bir məlumat yoxdur". Bunu iyunun 22-də keçirdiyi mətbuat konfransında "Report"un sualını cavablandıran "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq deyib.

O bildirib ki, ilk Avropa Oyunlarını işıqlandırmaq üçün dünyanın bir sıra ölkələrindən mətbuat nümayəndələrinin Azərbaycana gəlişi davam edir: "Bununla bağlı hansısa status dəyişikliyi yoxdur. Yəni mənə bu günə qədər əlavə məlumat verilməyib".

S.Kleqq, həmçinin 11 gün müddətində tamaşaçılardan yarış məkanlarından uzaqlaşdırılması faktının olub-olmaması məsələsinə də aydınlıq gətirib: "İdman müəyyən ehtiraslı hisslərlə bağlı olan məsələdir. Ona görə də bəzən idmançılarımızı dəstəkləyəndə müsbət hal alır. Bu səbəbdən də azarkeşləri başa düşürük. Lakin bu günə qədər heç bir insanın məkanlardan uzaqlaşdırılması halı qeydə alınmayıb".

S.Kleqq gimnastika oyunlarında Azərbaycan idmançılarına qarşı qərəzli mövqe nümayiş etdirən hakimin qərarı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "İlk növbədə qeyd edim ki, BEGOC yalnız oyunların təşkilinə cavabdehdir. Lakin hakim seçimi beynəlxalq texniki məsələlərə cavabdeh olan qurumlardan asılıdır. Ona görə də hakimlərlə bağlı sualı müvafiq federasiyaya ünvanlayırsınız".

O qeyd edib ki, növbəti Avropa Oyunlarına yeni idman növünün salınması təklifini Olimpiya komitələrinə ünvanlamaq lazımdır: "Lakin yeni idman növlərinin oyunların tərkibinə qatılması gələcək üçün tədricən ola bilər. Sözsüz ki, mövcud məkanları nəzərə alaraq bu barədə qərar qəbul edilə bilər".

S.Kleqq eyni zamanda, "qara bazar"da "ikinci əl"dən bilet satılması məsələsinə də toxunub. Onun sözlərinə görə, daimi olaraq bu məsələ ilə bağlı monitorinq aparılır: "Sözsüz ki, idman növləri üzrə keçirilən hansısa bir yarışa "ikinci əl"dən bilet satılmamalıdır. Bilet satışı ən uğurlu təşkil olunan məsələlərdən biridir. Nəzərə almalıyıq ki, I Avropa Oyunlarından əvvəl Azərbaycanda bu təcrübə elə də güclü olmayıb. Biletlərin "ikinci əl"dən satılması yarışların uğurla keçməsindən xəbər verir, lakin bu o demək deyil ki, biz bu məsələni nəzarətdə saxlamırıq. Biz çalışırıq ki, bunun qarşısını mümkün qədər alaq".

Son xəbərlər

Orphus sistemi