Nazir: "DİN-in 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu "Bakı 2015"də ictimai qaydanın qorunmasına cəlb olunub"
Nazir: "DİN-in 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu "Bakı 2015"də ictimai qaydanın qorunmasına cəlb olunub"Ramil Usubov: "Şəxsi heyət Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqların öhdəsindən layiqincə gələcək"
Bakı. 6 iyun. REPORT.AZ/ "Bu möhtəşəm idman yarışları Azərbaycanın son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin daha bir əyani təzahürüdür". "Report" xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Ramil Usubov nazirliyin iyunun 6-da keçirilən kollegiya iclasında deyib.
Nazir bu məqsədlə dövlət başçısının müvafiq sərəncamı ilə Təşkilat Komitəsinin yaradıldığını, Azərbaycan Prezidentinin və sözügedən komitənin sədri, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə planlaşdırılan tədbirlərin çox böyük sürətlə, ardıcıllıqla yerinə yetirildiyini və ciddi nəzarətdə saxlanıldığını qeyd edib. Nazir bu Oyunların Azərbaycanın dünyada daha yaxından tanıdılması, ölkə barədə həqiqətlərin beynəlxalq aləmdə daha çox yayılması, öyrənilməsi və ölkənin milli maraqları baxımından unikal bir imkan olduğunu deyib.
R.Usubov beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələrin düşdüyünü, bu məqsədlə 25 mindən çox əməkdaşın və hərbi qulluqçunun ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini işinə cəlb edildiyini, Oyunların yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birlikdə bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb, hər bir əməkdaşdan üzərinə düşən məsuliyyəti dərindən dərk edərək əsl vətəndaş mövqeyi və fədakarlıq göstərilməsini tələb edib.
Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət qanunvericiliklə üzərinə düşən məsul vəzifələrin və Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək.