Bakı. 26 iyun. REPORT.AZ/ "Azərbaycanda baş verən hadisələr bütün dünya mətbuatının diqqət mərkəzindədir. Bu, bir tərəfdən pis, digər tərəfdən isə yaxşı haldır. Lakin ikili standartlar hələ də mövcuddur". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, istər I Avropa Oyunları başlamamışdan əvvəl, istərsə də son 2 həftədə yarışların həm dünya mətbuatında, həm də Avropa ölkələrində işıqlandırılması və yayımlanması Azərbaycan haqqında müsbət fikirlərin, ismarıcların formalaşmasına kömək edib. Lakin nazir ikili standartla yanaşmada hansısa ciddi dəyişikliklərin baş verəcəyinə inanmadığını bildirib.
II Avropa Oyunlarına namizəd şəhərlərlə bağlı məsələyə toxunan A.Rəhimov bu məsələdə Qərbi və ya Şərqi Avropa bölgüsünün heç vaxt prioritet olmadığını deyib: "Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu günlərdə II Avropa Oyunlarına 7-8 namizəd şəhərin olduğunu bildirib. Lakin həmin şəhərlərin adları hələlik dəqiq məlum deyil. Onları yanlız Avropa Olimpia Komitəsi açıqlamalıdır. Bunu hələ Hikki ilə müzakirə etməmişəm. Hesab edirəm ki, yaxın müddətdə namizəd şəhərlərin adları bilinəcək. Ancaq istənilən halda qərb və ya şərq şəhərləri yanaşması heç vaxt prioritet olmayıb. Əsas prioritet odur ki, yeni şəhərlər olsun və orada idman inkişaf etsin. Eyni zamanda həmin şəhər və regionlarda idmanın təşviqinə, inkişafına töhfə verilə bilsin. Yəni, bu məsələdə şərq və ya qərb ölkəsi bölgüsü aparılmır".
2024-cü il Yay Olimpiya Oyunlarına Bakının da namizədliyinin verib-verməyəcəyinə gəldikdə, nazir yekun qərar üçün sentyabrın 15-dək vaxtlarının olduğunu açıqlayıb. Onun sözlərinə görə, müvafiq qərarı dövlət başçısı qəbul edəcək.