Minsk. 7 iyul. REPORT.AZ/ 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi Minskdə səfərdə olan bir qrup azərbaycanlı idman jurnalisti Belarus Milli Olimpiya Komitəsini (MOK) ziyarət edib. "Report"un məlumatına görə, media nümayəndələri əvvəlcə yerli MOK-un Muzeyi ilə tanış olublar.
Onlara Belarusun olimpiya hərəkatı, ölkənin uğurlarında böyük payı olan idmançılar barədə məlumat verilib. Onların arasında əslən azərbaycanlı olimpiya çempionu Kamandar Məcidovun da olduğu bildirilib. MOK-un saytında hər bir idmançı haqda yerləşdirilmiş məlumatlar böyük ekranlı monitor vasitəsilə də nümayiş etdirilib.
Jurnalistlər muzeyin interaktiv bölməsi ilə də əyani tanış olublar. Müxtəlif silahlardan hədəfə atəş açılıb, fəxri kürsüdə fotolar çəkilərək, avtomatik dərc olunub.
Muzeydə, həmçinin eksponatlar - idmançıların fotoları və geyimləri, müxtəlif yarışlarda qazanılmış kubok və medallar nümayiş etdirilib.
Daha sonra Belarus MOK-un mətbuat katibi Anastasiya Marininaya Azərbaycan Gənclər və İdman Nazirliyinin hədiyyəsi təqdim olunub. Jurnalistlər turizmlə bağlı beynəlxalq konfransda da iştirak ediblər.