Artıq 5 gündür Minskdəyik. Artıq 8 medalımız var. İlk 3 yarış gününə sığan bu qədər medalın 3-ü akrobatlardan ibarət Ruhidil Qurbanlı - Abdulla əl-Məşayxi duetindən gəlib. Eyni sayda medalı samboçular əldə edibsə, daha 2 medal cüdoçuların aktivinə yazılıb.
Lakin qızıl medal olmadıqca Azərbaycan ümumi sıralamada medal əyarında geriləyir. Bir qızıl medal vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Əslində belə şanslar ötən gün var idi. Əvvəlcə bu imkanı cüdoçu Rüstəm Orucov qazanmışdı.73 kq çəki dərəcəsində yer alan bayraqdarın finaldakı rəqibi elə də tanınmayan isveçli Tommi Masias idi. Artıq bu görüşədək eyni çəkidəki Hidayət Heydərov 51 saniyəyə gürcü Laşa Şavdatuaşvilinin kürəyini yerə vuraraq, bürünc medal əldə etmişdi. Bu isə zaldakı azərbaycanlı azarkeşlərin, eləcə də görüşləri izləməyə gələn gənclər və idman naziri
Görüşdən sonra mükafatlandırma mərasimində Orucovun gümüş medaldan heç də məmnun olmadığını görmək elə də çətin deyildi. Elə miks-zonada da o, bikef idi. Danışmaq istəməyən Orucovu anlamaq elə də çətin deyildi. Əvəzində Heydərov bürünc medalından məmnun görünürdü. Belaruslu jurnalistin müsahibə istəyi qarşısında nə rusca, nə də ingiliscə bildiyini deyən gənc cüdoçuya tərcüməçiliyi bəndəniz etdi.
Bu ərəfədə isə şəhərin mərkəzindəki İdman Sarayından samboçu Ağasif Səmədovun erməni rəqibinə finalda uduzması xəbəri gəldi. Yeri gəlmişkən, Azərbaycan - Ermənistan rəqabəti Minsk arenalarında demək olar ki, hər gün baş verir. İlk belə duel samboda ilk yarış günündə Mehman Xəlilovun Maksim Manukyanı məğlub edərək, bürünc medal qazandığı görüşə təsadüf etdi. Daha sonra estafeti boksçu Lorenso Sotomayor aldı. Kubalı legioner Qurgen Madoyana qalib gəldikdən sonra azərbaycanca açıqlamaları ilə də fərqləndi. Ötən gün isə həm Rüstəm Orucov, həm də Hidayət Heydərov Ferdinand Karapetyanı məğlub etdilər.
Hər nə qədər məsələni siyasiləşdirməməyin gərəkliyindən danışılsa da, Manukyanın Xəlilova məğlubiyyəti həzm etmək istəməməsi anlaşılmaz idi. Halbuki o, kifayət qədər böyük fərqlə - 1:9 hesabı ilə uduzmuşdu.
İlk dəfədir ki, kompleks yarışa ölkənin aparıcı nəşrləri və televiziyalarından bir qrup jurnalist ezam olunub. Bu məsələdə Gənclər və İdman Nazirliyinin xüsusi rolunu qeyd etmək lazımdır. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın jurnalistlərə göstərdiyi diqqət, yarış məkanlarında özünün belə açıqlamalar alaraq, bizə köməyini təqdirəlayiqdir. Təkcə bir faktı xatırlatmağa dəyər ki,
Bir qədər də idman obyektləri barədə. Burada əksər arenalar şəhərin mərkəzində yerləşir. Nisbətən uzaqdakı arenalara isə əsasən metrodan yararlanmaqla çatmaq mümkündür. Eyni zamanda Minskdə trolleybusların xidmətindən geniş yararlanmaq mümkündür. Obyektlərin əksəriyyəti əvvəlcədən hazır olduğundan, çox da ciddi xərc çəkmək lazım gəlməyib. Yalnız açılış mərasiminin keçirildiyi "Dinamo" Milli Olimpiya Stadionu yenidən təmir edilərək müasir görkəmə salınıb.
İdman obyektləri dəbdəbəli olmasa da, müasirdirlər. Olduğumuz məkanların hər birinin təmirli, səliqəli olduqları diqqətdən yayınmır. Demək olmaz ki, Belarus Avropa Oyunlarına ev sahibliyi etməklə sayca ikinci belə kompleks yarışın əhəmiyyətini öldürür. Hər bir arenanın girişində mühafizəçilər tamaşaçıların əl çantalarını yoxlayır, böyük çantaları isə saxlama kamerasına göndərirlər. Könüllülər isə lazım olduqda səni zala və ya digər yerə müşayiət edirlər. Düzdür, aralarında məsələn, media tribunasının yerini belə tanımayanlar olur. Amma belə hallara Bakıda keçirilmiş ilk Avropa Oyunlarında da rast gəlinirdi. Zallar tam dolu olmasa da, bilet alıb içəri keçənlər yetərincədir. Aralarında ailəsi, yaxınları ilə gələnlər də var. Ən böyük zallardan sayılan "Çijovka Arena" əslində buzüstü hokkey üçün tikilib. Ölkə prezidenti Aleksandr Lukaşenkonun da böyük maraq göstərdiyi bu idman növü Belarusda kifayət qədər populyardır.
"Minsk 2019"un "Bakı 2015"dən əsas fərqi fan-zonalarla bağlıdır. Demək olar ki, əksər idman obyektində və yaxınlığında azarkeşlər üçün əyləncə məkanları qurulub. Ən çox fəallıq şəhərin mərkəzində müşahidə olunur. Azərbaycan gününün də keçirildiyi fan-zonaya hər gün gələn insanların sayı minlərlədir. Qiymətlər də normal olduğundan, onlar istədikləri içki və yeməyi sifariş edə bilirlər. Tam əminliklə demək olar ki, Belarus Oyunlardan qazanc da əldə edə bilir. Xüsusən, asiyalı - ərəb, iranlı turistlərlə qarşılaşa bilərsən.
Bir sözlə, Belarus II Avropa Oyunlarının mövcud imkanları daxilində yüksək səviyyədə keçməsi üçün əlindən gələni edib. İndiyədək hər hansı ciddi insident baş verməyib. Burada həm Avropa Oyunlarının, həm də idman ölkəsi imici qorunmaqdadır. Qalır yarışlarda özünü göstərmək...