Azərbaycanın güllə atıcıları "Minsk 2019" II Avropa Oyunlarında mübarizəni dayandırıblar.
"Report"un məlumatına görə, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komanda kiçikçaplı tapança ilə 25 metr məsafəyə atışda çıxış edib. Onlar təsnifat yarışında 537 xal toplayaraq 14-cü olub. Atıcılar bu nəticədən sonra növbəti mərhələyə vəsiqə qazana bilməyib. Təsnifatda ilk 8 yeri tutan cütlüklər növbəti mərhələyə yüksəliblər.
Azərbaycan velosipedçisi Sergey Omelçenko da uğursuz çıxış edib. O, trek yarışlarında təsnifat mərhələsində 200 metri 10,805 saniyəyə qət edib və 22 velosipedçi arasında sonuncu olub. Buna rəğmən, 1/32 finala yüksələn idmançı, burada polşalı Mateuş Zbiqnev Rudikə uduzub. O, rəqibindən 0,291 saniyə geri qalıb.