Bakı. 20 dekabr. REPORT.AZ/ ""İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi I Avropa Oyunlarına tam hazırdır. Belə ki, həmin müddət ərzində İçərişəhərə gələn bütün qonaqları, eləcə də Bakı sakinlərini qəbul etmək və onlar üçün müxtəlif formada turların keçirilməsini təmin etməyə qadirik". Bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına idarənin hazırlıq işlərindən danışarkən deyib.
Xidmətlərin hər zaman yüksək səviyyədə olduğunu deyən S.Nuriyevin sözlərinə görə, Oyunlar ərəfəsində xidmətlərin səviyyəsi daha da artırılacaq: "Əsas da xidmətlərimizin keyfiyyətinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda turistlərlə rahat şəkildə ünsiyyətə girə bilmək üçün müxtəlif dillərdə sərbəst danışa bilən mütəxəssisləri işə cəlb edəcəyik. İnanıram ki, işlərin yüksək səviyyədə təşkili Oyunlardan sonra əhalinin İçərişəhərə marağını daha da artırmış olacaq".
I Avropa Oyunları ilə əlaqədar İçərişəhərdəki tarixi məkanlardakı qiymətlərdə artım olub-olmaması məsələsinə gəlincə idarə rəisi əlavə ki, hər hansı bir qiymət artımı gözlənilmir: "Özəl sektor kimi fəaliyyət göstərən kiçik kafelər və obyektlərdə artıq rəqabət mühiti yaradılıb. Buna görə də inanmıram ki, onlar hər hansı bir qiymət artımına getməyə çalışsınlar. Onların əsas marağı odur ki, özlərini həmin ərəfədə daha yaxşı təqdim edə bilsinlər".
O, həmçinin qeyd edib ki, bu il Qız Qalasına gələn ziyarətçilərin sayı ikiqat artıb: "Bu da onu göstərir ki, Azərbaycan mədəniyyətinə və tarixi abidələrinə maraq həm daxildə, həm də xaricdən gələn turistlər tərəfindən artır. İnanıram ki, gələn il ölkəmizə gələn insanlar da ölkəmiz haqqında geniş təəssüratlar əldə edə biləcəklər".