Bakı. 9 iyun. REPORT.AZ/ "Üç gündən sonra bu tarixi hadisə başlayır. Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik. Baxmayaraq ki, Oyunların hazırlanması üçün cəmi iki il yarım vaxtımız var idi. Ancaq xalqımız, dövlətimiz öz gücünü göstərdi. Biz qısa müddət ərzində dünya səviyyəli, Yay Olimpiya Oyunları səviyyəsində Oyunlar hazırlamışıq və uğurla keçirəcəyik". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti
Ölkə başçısı deyib ki, komandamız Oyunlarda böyük tərkibdə iştirak edəcək: "Xatırlayıram, mən 2000-ci ildən bu günə qədər bütün Yay Olimpiya Oyunlarında olmuşam və adətən idmançılarla görüşmüşəm. Biz idmançıları Oyunlara təntənəli şəkildə yola salırdıq. Bu dəfə isə Avropa ölkələrindən idmançılar Azərbaycana gəlirlər. Deyə bilərəm ki, mən 2000-ci ildən bu günə qədər bütün Olimpiya kəndlərində olmuşam. Bakıda yaradılan şərait heç bir başqa yerdə olmayıb. Bax, bu Atletlər Kəndi bir memarlıq əsəridir və bizim komandamız artıq burada yerləşib. Xarici qonaqlar da gəlirlər və xüsusi qeyd olunur ki, qısa müddət ərzində belə gözəl şəraitin yaradılması, əlbəttə, tarixi nailiyyətdir".
Prezident İlham Əliyev bildirib ki, burada yaxında Media Kəndi də var: "Heç bir Yay Olimpiya Oyunlarında mətbuat işçiləri üçün Media Kəndi yaradılmayıb. İlk dəfə biz bunu tətbiq edirik. Bir sözlə, biz Avropa Oyunlarının standartlarını Azərbaycanda müəyyən edirik və bu, ən yüksək standartlardır. Biz Avropa standartları haqqında adətən tez-tez eşidirik. Əlbəttə ki, bu, yüksək standartlardır. Ancaq biz artıq Azərbaycan standartlarını tətbiq edirik. Bu Oyunlar dövlətimizin gücünü, xalqımızın istedadını və idmançılarımızın peşəkarlığını göstərəcək. Əminəm ki, idmançılar bizi qələbələrlə sevindirəcəklər. Komandamızın tərkibində ölkəmizin ən güclü idmançıları var. Bütövlükdə, bütün xarici komandalarda da ən qabaqcıl idmançılar təmsil olunur".
Azərbaycanın idman dövləti olduğunu vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, bizim böyük uğurlarımız, nailiyyətlərimiz, qələbələrimiz var: "Əminəm ki, bu Oyunlarda da qələbələrimizin sayı çox olacaq və siz xalqımızı sevindirəcəksiniz. Avropa Oyunları Azərbaycanda artıq ümumxalq məsələsinə çevrilib. Bizim qədim Atəşgah məbədindən alovlandırılan məşəl bütün ölkəni dolaşıb və Bakıya qayıdıb. Bizim bütün rayonlarımızda, o cümlədən Bakı şəhərində iki milyona yaxın insan bu məşəli salamlayıb və bu bayramı qeyd edib. Doğrudan da böyük bayramdır, ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir. Belə Oyunlar birinci dəfə keçirilir.
Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək. Bir daha demək istəyirəm ki, komandamız çox güclüdür, güclülər sırasındadır. Biz idmançılarımızla fəxr edirik. Onlardan yeni qələbələr gözləyirik. Əlbəttə ki, doğma Vətəndə sizə diqqət də daha böyük olacaq. Əminəm ki, nəticələr də çox yaxşı olacaq. Ona görə sizi bir daha ürəkdən salamlayıram. Sizə qələbələr arzulayıram. Siz bilirsiniz ki, Azərbaycan xalqı sizi sevir, sizi dəstəkləyir və bu dəstək sizə əlavə güc verəcək. Bir daha təbrik edirəm və üç gündən sonra yeni tikilmiş Olimpiya Stadionunda sizinlə bir daha görüşəcəyik".
Xatırladaq ki, Prezident İlham Əliyev, xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Gənclər və idman naziri
Sonra Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Dövlət başçısı, xanımı və ailə üzvləri birinci Avropa Oyunlarında Azərbaycanı ayrı-ayrı idman növlərində təmsil edəcək komandalarla xatirə şəkilləri çəkdiriblər.
Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan komandalarının üzvləri dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə "Selfie" və fotoşəkillər çəkdiriblər.
Sonda kollektiv şəkil də çəkdirilib.
Qeyd edək ki, "Bakı-2015" birinci Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibinə 291-i idmançı olmaqla ümumilikdə 444 nəfər daxildir.