Bakı. 25 yanvar. REPORT.AZ/ "Gənclərimizin ən fəal hissəsi bizimlə I Avropa Oyunlarına hazırlaşır. Onlar da çalışırlar ki, Azərbaycanın tarixini yazsınlar". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında I Avropa Oyunlarının Ulduz Elçilərindən olan Eldar Qasımov deyib.
"Avroviziya-2011" müsabiqəsinin qalibi yaşından asılı olmayaraq hər kəsi ilk dəfə keçiriləcək Avropa Oyunlarında iştirak etməyə çağırıb: "Əlbəttə ki, bu bizim üçün böyük nailiyyətdir. İstərdim hər kəs bu işdə bizə qoşulsun və Avropa Oyunlarında iştirak etsin. Çünki bu hər kəs üçün vacibdir. Avropa Oyunları bizim gələcəyimiz, tariximizdir. Bu tarixin bir hissəsi olmaq üçün hər kəs can atmalıdır. Biz ilk Avropa Oyunlarının ulduz elçiləri olduğumuz üçün böyük qürur hissi duyuruq. Yaşından asılı olmayaraq hər kəsi bu gözəl tarixi bayrama qatılmağa çağırırıq".
E.Qasımovla birgə çıxış edən Nigar Camal da öz növbəsində əsas məqsədlərindən danışıb: "Bu işdə hər kəsə uğurlar arzu edirik və istəyirik ki, hamı bizə qoşulsun. Hamımız birlikdə bu işin öhdəsindən gələcəyik. Bizim ulduz elçiləri olaraq görəcəyimiz iş təbliğat aparmaqdır. Bu bizim əsas məqsədimizdir".
Qeyd edək ki, I Avropa Oyunları 12-28 iyunda Bakıda keçiriləcək.