Bakı. 22 iyun. REPORT.AZ/ "Açılış mərasiminə biletlərin 50 faizi 20 manatdan aşağı qiymətə bazara çıxarılmışdı. Bağlanış mərasimi üçün qiyməti 20 manatdan aşağı olan biletlərin sayı daha çoxdur. Yayım məsələlərində çox yüksək nailiyyət mövcuddur". "Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq iyunun 22-də keçirdiyi mətbuat konfransında bildirib.
S.Kleqq yüngül atletika üzrə yarışlarda medalın yalnız komanda şəklində idmançılara verilməsi məsələsinə də aydınlıq gətirib: "İlk növbədə qeyd edim ki, bununla bağlı qərarı Olimpiya Komitəsi verib. Lakin bu qərara tam dəstəyimizi bildirmişik. Çünki bu Oyunlar dünya çempionatı deyil. I Avropa Oyunlarında daha çox komandalara və heyətlərə üstünlük verdik. Nəzərə alsaq ki, planlaşdırma baxımından Oyunlara ən yüksək idmançılar qatılmamışdı. Yəni burada müəyyən məhdudiyyətlər var idi. Belə ki, 3-cü diviziyadan olan idmançılar yarışlara cəlb olunmuşdu. Qaliblər sonra 2-ci liqə keçəcək. Beləliklə hər bir qalibi Avropa Oyunlarının çempionu kimi qələmə vermək düzgün deyil. Çünki onların bundan sonra yeni mərhələlərə keçmələri planlaşdırılır. Ona görə də komanda yarışlarında qalib gələnlər qızıl və ya digər medallarla təltif olunur. Sonra növbəti oyunlarında, Avropa Çempionatında ayrı-ayrı medalların verilməsi mümkündür".
Onun sözlərinə görə, son günlər havaların isti keçməsi yarışların qrafikinə təsir etməyib: "Belə isti yay fəsili üçün normaldır. Təbii ki, ehtiyat planları hər zaman var".