Bakı. 26 iyun. REPORT.AZ/ "Növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərlə təcrübə və biliklərimizi böyük məmnuniyyətlə bölüşəcəyik". "Report"un məlumatına görə, bunu Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bütün yarışlara aid əmlak, təlimatlar, hazırlıq prosesinə dair bütün sənədlərin istənilən şəhərə və ya Avropa Olimpiya Komitəsinə pulsuz ötürülməsinə dair razılıq öncədən əldə olunub. O, hazırda Avropa Oyunlarına dair materialların toplanıldığını açıqlayıb: "Onları xüsusi tərzdə, cihazlarda, USB, DVD, CD formatında növbəti şəhərə və ölkəyə təhvil verə bilərik. Yeni texnologiyaların istifadəsi, oyunlar akademiyası ilə əlaqədar maraqlı və yenilikçi yanaşmalar olub. Oyunlarla bağlı təcrübə və biliklərimizi böyük məmnuniyyətlə növbəti şəhərlə bölüşəcəyik".
Qeyd edək ki, II Avropa Oyunlarını təşkil edəcək şəhərin adı hələlik məlum deyil.