Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Beynəlxalq Muğam Mərkəzində “Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin təqdimetmə mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə musiqi, televiziya və incəsənət dünyasından 13 ulduzun adı açıqlanıb. Bunlar müğənnilərdən Tünzalə Ağayeva, Röya Ayxan, "Eurovision" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, rep ifaçılarından Miriyusif, komediya aktyorlarından Bəhram Bağırzadə, Rəfael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçilərdən DJ Shock, aparıcılardan isə İlkin Həsəni və Murad Dadaşovdur.
“Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çısış edərək, “Bakı-2015”ə hazırlıq işlərinin yüksək səviyyədə davam etdirildiyini bildirib. O, Oyunların ulduz elçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra ulduz elçilərə döş nişanları təqdim olunub və onlar təmsil edəcəkləri idman növlərinin adlarını zərflərdən seçiblər.
Sözügedən proqram ulduz elçilərin iyunun 12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajlarını bölüşməklə "Bakı -2015"i Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.
Tanınmışlar aşağıdakı idman növlərini təmsil edəcəklər
Bəhram Bağırzadə - çimərlik futbolu,
Rəfael və Coşqun - stolüstü tennis,
Tünzalə Ağayeva - atıcılıq,
Murad Dadaşov - su idmanı,
İlkin Həsəni - velosiped,
Tahir və Cabir İmanov - voleybol,
DJ Shock - atletika,
Ell və Niki - badminton,
Röya Ayxan - avarçəkmə,
Miriyusif - basketbol.
Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunları iyunun 12-28-i arasında keçiriləcək.