Bakı. 19 iyun . REPORT.AZ/ "Bugünkü qələbəmi sözlə ifadə edə bilmirəm. Bunu gərək hiss edəsən. Nəticələrdən çox razıyıq, istirahət etmədən bu yarışlara hazırlaşmışdıq". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında akrobatika gimnastikasında qızıl medal qazanan Marina Çernova deyib.
Qarışıq cütlükdə yarışan rusiyalı gimnast qarşıda final yarışının olduğunu və daha məsuliyyətli olmağa çalışdıqlarını bildirib: "Yarış çox yaxşı təşkil olunmuşdu. Arenanın mükəmməliyi də yarışda qələbə qazanmağımıza təsir edirdi. Xüsusən tamaşaçıların dəstəyi bizə qələbə üçün güc verdi".
Cütlüyün digər üzvü Georgi Pataraya isə yarışın bu cür yüksək səviyyədə təşkil olunmasını gözləmədiklərini deyib. Onun sözlərinə görə, bu şərait Azərbaycanın gələcəkdə daha böyük yarışlara ev sahibliyi etməsinə zəmin yaradır: "Hər şey çox gözəl təşkil olunmuşdu. Azərbaycan çox inkişaf edib. Həm Azərbaycan dövləti, həm də burada yaşayanlar idmana çox böyük önəm verir".
Rusiyalı gimnast Azərbaycan təmsilçisi Marina Durunda haqqında fikirlərini də dilə gətirib: "Azərbaycan idmançısı, bizim həmkarımız olan Marina Durunda çox yaxşı gimnastdır və ümid edirik ki, o bu ölkədə idmana olan qayğının nəticəsində daha böyük naliyyətlər əldə edəcək".