Bakı. 9 iyun. REPORT.AZ/ “Bakı 2015” Birinci Avropa Oyunlarında çıxış edəcək Azərbaycan kanoeçiləri Valentin Demyanenko və Sergey Bezuqlıy azarkeşlərlərə müraciət edib. "Report"un məlumatına görə, titullu avarçəkənlər kayak və kanoe yarışlarının keçiriləcəyi Mingəçevirdəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində jurnalistlər qarşısına çıxıblar.
4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko azarkeş dəstəyinə ehtiyac duyduqlarını bildirib: "İnanıram ki, avarçəkmə yarışlarında Azərbaycanı təmsil edən idmançılardan da çempion olacaq. Bunun üçün yüksək göstəricilər və yaxşı hazırlığımız var. Məşqlərimiz yüksək səviyyədə davam edir. Yalnız azarkeşlərin dəstəyi qalır. Bizə dəstək olun ki, biz də sizin dəstəyinizdən güc alaraq yaxşı yarışaq və yüksək nəticələr əldə edə bilək”.
Avropa çempionu, Dünya Kubokunun qalibi və dünya çempionatlarının mükafatçısı Sergey Bezuqlıy da azarkeşləri onlara dəstək olmağa çağırıb. O, bütün Azərbaycan vətəndaşlarını Oyunlar zamanı fəal olmağa səsləyib: “Bizə dəstək olmak üçün hər birinizi yarış məkanına dəvət edirəm. Çünki dəstəyiniz bizim üçün çox vacibdir. İdmançı biləndə ki, azarkeşlər məhz onun üçün yarışlara baxmağa gəlib, o zaman biz də özümüzü məsuliyyətli, güclü və inamlı hiss edirik. Öz adımdan söz verirəm ki, Azərbaycanın üçrəngli bayrağını yüksəltmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, I Avropa Oyunlarında kayak və kanoe yarışları 14 - 16 iyunda keçiriləcək. Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr, Sergey Bezuqlıy isə Aleksey Kupinlə birgə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüş edəcək.