Bakı. 12 iyun. REPORT.AZ/ "Biz digər yarışlarda finala çıxmağa çalışacaq və indiki qiymətdən daha artığına layiq olduğumuzu sübuta yetirəcəyik". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında sinxron üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Larisa Kapustina deyib.
O bildirib ki, Avropa Oyunları kimi əlamətdar yarışlarda bu, Tatyana Nikitina - Yekaterina Valiulina dueti üçün ilk təcrübə olub. "Üstəlik, bu duet Oyunları təşkil edən ölkənin təmsilçisi kimi birinci sınaqdan çıxdı" deyən L.Kapustina azarkeşlərin dəstəyini vurğulayıb: "Çox xoş idi ki, yarış cığırına çıxanadək idmançılarımıza azarkeş dəstəyi verildi. Qızlar toparlandılar və etimadı doğrultmaq üçün hər şeyi etdilər. Hərçənd kiçik səhvlər var idi".
Baş məşqçi iyunun 13-də solo və ertəsi gün mütləq proqram üzrə çıxışlar zamanı da azarkeş dəstəyinə ümid etdiklərini bildirib. O, qarşıdakı yarışlarda daha yaxşı çıxış edərək, finala yüksəlməyə çalışacaqlarını söyləyib: "Əlbəttə, bizə yenə dəstək lazımdır".
L.Kapustina Rusiya, Ukrayna, Avstriya və Türkiyə duetlərini güclü saydığını, amma onlardan aşağı pillələrə düşmələrinin üzücü hal olduğunu əlavə edib.
Qeyd edək ki, Tatyana Nikitina - Yekaterina Valiulina dueti sinxron üzgüçü cütlüklər arasında təsnifat mərhələsində 71.4333 bal toplayaraq 18-ci yeri tutub və finala yüksələ bilməyib.