Yuxarı
    Bağlamaq

    Azərbaycan yığmasının üzvü: "Avropa Oyunları məni idmana qaytaran məqsəddir"

    Marina Nekrasova: Öz həyəcanımla evdə mübarizə aparıram

    Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında qadın idman gimnastikası növündə təmsil edəcək Marina Nekrasova qarşıdakı yarışla bağlı fikirlərini bildirib. "Report"un məlumatına görə, 20 yaşlı idmançı Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına açıqlamasında Oyunlara ciddi hazırlaşdığını söyləyib. 

    "Yaxın gələcək üçün planlarım Dünya Kuboku və Avropa Oyunlarıdır. Onlar mənim üçün böyük məsuliyyət olacaq. Bu səbəbdən, yaxşı nəticə əldə etmək üçün bütün gücümü hazırlıqlara sərf edirəm! Avropa Oyunları məni idmana qaytaran məqsəddir", deyən M.Nekrasova arzusunun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdan ibarət olduğunu bildirib. 

    O qeyd edib ki, gimnastikanı 3.5 yaşında ikən valideynlərinin istəyi ilə seçib, illər sonra bu növün gözəl və qeyri-adi olduğunu anlayıb. M.Nekrasova yarışlar zamanı təmkinli olmasının sirrini də açıqlayıb: "Öz həyəcanımı yarış meydanına çıxarmamağa çalışır, onunla evdə mübarizə aparıram. Hər hansı idman növündə vacib məsələ istək, əzm və səbrin olmasıdır".

    Peşəkar idmanla məşğul olmağın təhlükəli tərəflərinin də olduğunu söyləyən gimnast hər şeyin idmançıdan asılı olduğunu vurğulayıb. Onun fikrincə, ən əsası məşqlərə düşüncə ilə yanaşmaqdır.

    Qeyd edək ki, idman gimnastikası üzrə yarışlar iyunun 14-15-də, 18-də və 20-də keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi