Bakı. 4 mart. REPORT.AZ/ Bu gün gimnastika Növləri üzrə Birgə Açıq Azərbaycan Çempionatına start verilib. "Report"un məlumatına görə, çempionat "Bakı hazırlaşır” şüarı altında Avropa Oyunlarına hazırlıq istiqamətində silsiləvi yarışlar çərçivəsində keçirilir.
Mübarizə gimnastikanın beş növü üzrə 22 ölkədən ümumilikdə 131 gimnast arasında gedəcək. Milli Gimnastika Arenasında təşkil olunan çempionatda Azərbaycan idmançıları gimnastikanın bədii və aerobika növlərində 2014-cü il dünya çempionatının qalibləri olan rusiyalı və rumıniyalı idmançıları üstələyəcəklərinə ümid edirlər.
Rusiyalı idmançı Yana Kudryavtseva dünya çempionatlarında fərdi çoxnövçülük yarışlarında 2013 (Kiyev, Ukrayna) və 2014-cü (İzmir, Türkiyə) illərdə qızıl medal qazanıb və eyni zamanda 2014-cü ildə keçirilmiş komanda yarışlarında Rusiyaya qələbə ilə qayıdıb. O, son iki çempionatda bədii gimnastika üzrə liderdir. Marina Durunda (Azərbaycan) 2014-cü ildə əldə etdiyi 6-ci yer nəticəsini yaxşılaşdıracağına və Kudryavtsevaya layiqli rəqib olacağına ümid edir.
Rusiya komandasının üzvləri Daria Avtonomova, Anastasiya Maksimova və Mariya Tolkaçeva son dünya çempionatında bədii gimnastika üzrə qrup hərəkətləri kateqoriyasında əldə etdikləri qızıl medal nəticəsini Bakıda təkrarlamaq istəyirlər. Bu komanda həmin çempionatda top və lentlərlə 3+2 alətlər finalında 9,050 bal toplayaraq Bolqarıstan və Belarus komandaları üzərində qələbə qazanıb.
Aerobika gimnastikasında Rumıniya komandası son iki mövsümün məğlubedilməzidir. Bu komanda 2014-cü ildə keçirilmiş dünya çempionatında (Kankun, Meksika) trio, qrup və qarışıq cütlüklər kateqoriyalarında, 2013-cü ildə baş tutmuş Avropa çempionatında (Ark, Fransa) isə trio və qarışıq cütlüklər kateqoriyalarında qızıl medala yiyələnib. Rumıniyanın son vaxtlar medal qazanan komanda üzvlərindən yalnız Maria Bianka Qorqovan və Daçian Barna Birgə Açıq Azərbaycan Çempionatında iştirak edəcəklər. Onlar qrup kateqoriyasında Qabriel Bosker, Lusian Savulesku və Lavinia Panaete ilə birgə birinciliyi saxlamaq niyyətindədirlər.
İdman gimnastikası – kişilər
- Filip Ude (Xorvatiya) 2014-cü il dünya çempinatında dəstəli at kateqoriyasında gümüş medal qazanıb.
- Azərbaycan idmançısı Petro Paxnyuk isə fərdi çoxnövçülük yarışında 15-ci olub.
- Aleksandr Şatilov (İsrail) 2012-ci il London Yay Olimpiya Oyunlarında sərbəst hərəkətlər kateqoriyasında 4-cü yeri tutub. O, 2013-cü il Avropa çempionatında sərbəst hərəkətlər keteqoriyasında qızıl medal qazanaraq bu çempionatlarda birinci yeri əldə etmiş ilk israilli gimnastdır.
İdman gimnastikası – qadınlar
- Azərbaycan bu yarışda 5 gimnastla təmsil olunur.
- Marina Nekrasova (Azərbaycan) 2014-cü il Dünya Kubokunda (Kottbus, Almaniya) təkanla tullanmada 6-cı yeri tutub.
- Tutya Yılmaz (Türkiyə) 2014-cü ildə Çinin Nancinq şəhərində keçirilmiş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında həm təkanla tullanmada, həm də sərbəst hərəkətlərdə 8-ci yerə sahib olub.
Akrobatika gimnastikası
- Bu yarışda Azərbaycan, Bolqarıstan və Almaniya təmsil olunacaq. Akrobatika gimnastı Yelena Velikova (Bolqarıstan) Birgə Açıq Azərbaycan Çempionatının ən gənc iştirakçısıdır. Onun hazırda 14 yaşı var.
Aerobika gimnastikası
- İspaniyalı Visente Lli və Sara Monero rumıniyalı gimnastların əsas rəqibləridirlər. Onlar 2014-cü il dünya çempionatında 6-cı yeri tutsalar da, 2012-ci il mundialında (Sofiya, Bolqarıstan) qızıl medal qazanıblar.
Bədii gimnastika
- 13 MOK-dan ümumilikdə 49 gimnast qrup və fərdi kategoriyalarda mübarizə aparacaq.
- 2014-cü il dünya çempionatında 13-cü yerdə qərarlaşmış gürcüstanlı Salome Pazhava fərdi kateqoriyada medal qazanmaq üçün rusiyalı və azərbaycanlı idmançılarla rəqabət aparacaq.
Batut gimnastikası
- Kişi və qadın gimnastlar fərdi və sinxron çıxışlar kateqoriyalarında yarışacaqlar. Amerikalı Şeyli Dunavin 2014-cü il dünya çempionatında (Florida, ABŞ) komanda yoldaşı Şarlott Druri ilə birgə batut gimnastikası üzrə sinxron çıxışlar kateqoriyasında 4-cü yeri tutub.
- Silvia Sayote (Portuqaliya) 2013-cü il Dünya Oyunlarında (Kali, Kolumbiya) 3-cü yerə sahib olub və eləcə də 2011-ci il dünya çempionatında (Birmingem, Böyük Britaniya) gümüş medal qazanan Azərbaycan yığmasının üzvü olub.