Azərbaycanlı boksçu: "Avropa Oyunlarında məğlubiyyətin qisasını almaq istəyirəm"

Azərbaycanlı boksçu: "Avropa Oyunlarında məğlubiyyətin qisasını almaq istəyirəm" Avropa Oyunlarına çox yaxşı hazırlaşmışıq. Bu yarışda daha yaxşı döyüşmək üçün bir neçə turnirdə iştirak etmişik.
Avropa Oyunları
21 İyun , 2019 18:45
Azərbaycanlı boksçu: Avropa Oyunlarında məğlubiyyətin qisasını almaq istəyirəm
Tayfur Əliyev / Report

"Avropa Oyunlarına çox yaxşı hazırlaşmışıq. Bu yarışda daha yaxşı döyüşmək üçün bir neçə turnirdə iştirak etmişik".

Bu fikirləri "Report"un Minskə ezam olunmuş əməkdaşına açıqlamasında boksçu Tayfur Əliyev deyib.

Yarışa qələbə ilə başlayan idmançı Avropa Oyunlarından öncə Özbəkistanda yaxşı təlim-məşq toplanışı keçdiklərini bildirib.

56 kq çəki dərəcəsində mübarizə aparan boksçu deyib ki, məğlub etdiyi bolqarıstanlı Boyan Asenov güclü hesab etdiyi rəqiblərdəndir: "Döyüşə çox məsuliyyətli hazırlaşdım, onun görüşlərinə baxdım. Zəif və güclü tərəflərini analiz etdim. Əldə etdiyim məlumatlardan rinqdə istifadə etdim və istəyimə nail oldum".

Əliyev görüşdə rahat döyüşməsinə və müdafiədən çox hücuma fikir verməsinə də aydınlıq gətirib: "Rəqibimi çoxdan tanıyırdım. Onun görüşlərinə baxdım və səhvlərini gördüm. Rəqib tez yorulurdu. Bu zaman isə baxmadan zərbə endirir. Belə olan halda, çıxıb hücum etmək lazım idi. Mən də bunu etdim. Rəqib sağ tərəfdən zərbələr buraxırdı. Mənim sağ qolum bir az zədəlidir. Çox işlətməməyə çalışırdım. Amma yenə də zərbələr endirməyə çalışdım və qalib gələ bildim.

22 yaşlı idmançı 1/8 finalda qarşılaşacağı ukraynalı Mukola Butsenkonu da tanıdığını deyib: "O, yaşda məndən 7-8 yaş böyükdür. Ukrayna komandasının da kapitanıdır. Demək olar ki, ən güclü boksçularından hesab olunur. Bu isə məni qorxutmur. Onunla iki il bundan öncə döyüşmüşəm. Yaxşı döyüş keçirmişəm. Kiçik səhvlər nəticəsində məğlub olmuşam. Onunla görüşdə yorulmamışdım. Hətta qələbə qazandığımı hesab edirdim. Mənə qarşı ədalətsizlik oldu. Döyüşü rəqibə verdilər. İki il bundan öncə də demişdim ki, rəqib nə vaxtsa, qarşıma çıxacaq. Ondan revanş almağa çalışacağam. İndi isə üz-üzə gəlirik. Birinci döyüşdə buraxdığım səhvləri etməyəcəyəm. Psixoloji və texniki olaraq daha məsuliyyətli hazırlaşmağa çalışacağam. Rəqibin qarşısına güclü çıxmaq istəyirəm".

Əliyev bütün ölkələrin ən güclü boksçuları Avropa Oyunlarına gətirdiyini vurğulayıb: "Avropa Oyunlarının qalibi həm də Avropa çempionu olacaq. Bütün rəqiblər güclüdür. Hamısı qələbə qazanmaq istəyir. Məsuliyyəti dərk edirəm. Mən də hamı kimi qələbə qazanmaq niyyətindəyəm".

Boksçu bu gün ilk mərhələdən mübarizəni dayandıran komanda yoldaşları barədə də danışıb: "Onların uduzması mənim üçün sürpriz oldu. İkisinin də döyüşlərini və necə hazırlaşdıqlarını bilirəm. Onlar məndən əksik və ya artıq heç nə etməyiblər. Hamımız birlikdə məşq etmişik. Böyük ehtimalla, onların psixoloji hazırlıqları zəif oldu. Amma rəqiblərdən həm texniki, həm də fiziki cəhətdən üstün idilər. Qələbə qazana bilərdilər".

Bakıdakı I Avropa Oyunlarında bürünc medal qazanan idmançı həmin uğurun onun üçün əlavə motivasiya olduğunu söyləyib: "İlk Avropa Oyunlarında 18 yaşım var idi. Çox cavan və təcrübəsiz idim. Uduzmağımın səbəbi budur. Həmin rusiyalı boksçu II Avropa Oyunlarına da qatılıb. Qələbələr qazansaq, yenə yarımfinalda qarşılaşacağıq. Məğlubiyyətin qisasını almaq istəyirəm". 

Son xəbərlər

Orphus sistemi