Bakı. 15 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında kanak və kanoe yarışlarında 1000 metr məsafədə qızıl medalların sahibləri müəyyənləşib. "Report"un məlumatına görə, Almaniya və Macarıstan avarçəkənləri qızıl medal qazanıblar.
Kişilər arasında təkbətək kayak yarışında almaniyalı Hoff Maks 3 dəqiqə 28.205 saniyə ilə finişə birinci çatıb. İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Portuqaliya və Danimarka idmançıları qərarlaşıb.
Kişilər arasında təkbətək kanoe yarışında Brendel Sebastyan da rəqiblərini qabaqlayaraq Almaniyanın aktivinə ikinci qızıl medalı yazdırıb. O, finişə 3 dəqiqə 50.147 saniyəyə çatıb. Gümüş medal Çexiya, bürünc isə Macarıstan idmançısına qismət olub.
Cütlüklərin kayak yarışında isə birinciliyi macarıstanlı avarçəkənlər əldə edib. Zoltan Kammerer və Tamas Szalai bütün rəqiblərini geridə qoymağı bacarıb - 3 dəqiqə 11.681 saniyə. İkinci yerə Almaniya avarçəkənləri sahib çıxıb. Bürünc medal isə belaruslu idmançıların aktivinə yazılıb.
Qadınlar arasında 500 metr məsafəyə dördlüklərin kayak yarışında Macarıstan qızıl medal qazanıb. 1 dəqiqə 32.417 saniyə ilə finişə çatan macar idmançılar müvafiq olaraq Almaniya və Polşanı qabaqlayıb.