Tütünçülükdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

Tütünçülükdə orta məhsuldarlıq göstəriciləri yüksəlib Bu il tütünçü fermerlər sahələrdən bol məhsul götürürlər.
ASK
19 Noyabr , 2020 12:19
Tütünçülükdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

Bu il tütünçü fermerlər sahələrdən bol məhsul götürürlər. Aqrotexniki qulluq qaydalarına düzgün riayət edilməsi, şitil, gübrə və dərman təminatının yüksək səviyyədə təşkili sayəsində 2020-ci ildə tütünçülükdə orta məhsuldarlıq göstəriciləri yüksəlib.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu il Azərbaycanda 3 144 hektar sahədə tütün əkilib, 3 141,5 hektar sahədə bitiş alınıb. Bu günə qədər sahələrdən 5 949,8 ton tütün yığılıb. Fermerlər məntəqələrə 5 078,2 ton quru tütün təhvil veriblər. Hazırda tütün üzrə orta məhsuldarlıq 18,9 sentner təşkil edir. Sahələrdə yığım davam edir, mövsümün yekununa kimi orta məhsudarlıq göstəricisinin daha da artacağı gözlənilir.

2020-ci ildə Azərbaycanın 12 rayonunda və Naxçıvan MR-da tütün əkilib. Əkin sahələrinin yarıdan çoxu ənənəvi tütünçülük bölgələrindən olan Şəki, Qax və Oğuz rayonlarının payına düşür. Şəkidə 1 108 hektar, Qaxda 496,5 hektar, Oğuzda isə 269 hektar sahədə tütün əkilib. Tütün üzrə orta məhsuldarlıq Şəkidə 32,1 sentner, Qaxda 13,5 sentner, Oğuzda 14,8 sentnerdir. Zaqatala, Balakən, Qəbələ, Tovuz, İsmayıllı, Goranboy, Lerik, Masallı, Yardımlı rayonlarında da bol məhsul götürülüb.

Ölkədə tütünçülüyün inkişafı dövlət səviyyəsində dəstəklənir. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi tütünçülüyün inkişafını stimullaşdırır. Tütün həm əkin, həm məhsul subsidiyası verilən kənd təsərrüfatı bitkiləri kateqoriyasına daxildir. Fermerlər tütün əkilmiş sahələrin hər hektarına görə dövlətdən 280 manat subsidiya alırlar. Bundan başqa, qəbul məntəqələrinə təhvil verilən quru tütünün hər tonuna görə fermerlərə 50 manat məhsul subsidiyası ödənilir.

Hazırda sahələrdə yığım davam edir, tütün yarpağı yığımının optimal müddətdə başa çatdırılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi