Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb

ASK
  • 04 iyun, 2026
  • 10:47
Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb

Son 10 ildə Azərbaycanda real ifadədə kənd təsərrüfatında artım 37,8 % olub.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 10 il ərzində kənd təsərrüfatı sahəsində davamlı artım dinamikası müşahidə olunur: "Bu həm bitkiçilik, həm heyvandarlıq sahəsinə aiddir. Belə ki, son 10 ildə ümumilikdə real ifadədə kənd təsərrüfatında artım 37,8 % olub. Bu göstərici bitkiçilik sahəsində 48,2 % və heyvandarlıq sahəsində isə 29,6 % idi. Ümumilikdə müsbət tendensiyalar olaraq da həmçinin aqrar və qida məhsullarının ixracının da 62,8 % yüksəldiyini qeyd edə bilərəm".

O əlavə edib ki, bu kontekstdə həmçinin hüquqi və institusional çərçivədə və həmçinin sahəyə dəstək verən infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində də müvafiq tədbirlər, fəaliyyətlər icra olunub: "Soyuducu anbarların həcmi artıb, taxıl elevatorlarının və logistika imkanları yaxşılaşdırılıb, həmçinin fermerlərin lizinqə çıxış imkanları yaxşılaşdırılıb. 96 mindən çox kənd təsərrüfatı texnikasına lizinqlərlər verilib".