Polşa meyvə və tərəvəzin saxlanması üçün anbarların genişləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığa hazırdır.
Bunu “Report”a açıqlamasında Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib.
“Azərbaycanın meyvə saxlama qabiliyyəti o qədər də yüksək deyil. Odur ki, biz bu istiqamətdə yardım göstərə bilərik. Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə də əməkdaşlıq edirik. Qdansk və bu dəniz limanı arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə çalışırıq. İndi iki liman arasında daşımaların necə təşkili ilə bağlı danışıqlar aparılır”, - səfir əlavə edib.
Onun sözlərinə görə, Polşa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı artırmaq niyyətindədir.
“Polşa səfirliyi Azərbaycanın bölgələri ilə əməkdaşlıqda maraqlıdır. Biz layihələrimizi təkcə Bakıda deyil, Azərbaycanın regionlarında da həyata keçirməyə çalışırıq”, - R.Poborski deyib.
Səfir bir neçə ay əvvəl Lənkəran Dövlət Universitetində olduğunu, burada əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdiyini qeyd edərək, universitetin hazırda kənd təsərrüfatı ilə bağlı proqramlara diqqət ayırmağa çalışdığını vurğulayıb:
“Biz artıq kənd təsərrüfatının inkişafında bu regiona kömək etmək yollarını nəzərdən keçiririk, çünki burada böyük potensial var. Polşa da öz növbəsində Avropa İttifaqı bazarına kənd təsərrüfatı məhsullarının əsas ixracatçılarından biridir. Buna görə də bizim təklif edəcəyimiz məsələlər var”.