Rusiya və Ukrayna Azərbaycan narının əsas idxalçılarıdır: Bazarı nə gözləyir?

Rusiya və Ukrayna Azərbaycan narının əsas idxalçılarıdır: Bazarı nə gözləyir? Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi Azərbaycanın nar ixracatına çox böyük mənfi təsir göstərəcək.
ASK
213
11 Mart , 2022 13:09
Rusiya və Ukrayna Azərbaycan narının əsas idxalçılarıdır: Bazarı nə gözləyir?

Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi Azərbaycanın nar ixracatına çox böyük mənfi təsir göstərəcək.

Bu barədə “Report”a "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri Fərhad Qaraşov deyib.

F.Qaraşov Rusiya və Ukraynanın Azərbaycanın nar ixracı üçün əsas bazarlar olduğunu vurğulayıb:

“Hazırda biz narın yetişdirilməsi, yəni aqrotexniki, qulluq prosesləri dövründəyik. Nar ixracı sentyabr ayının sonundan başlayaraq dekabr ayı da daxil olmaqla davam edir. Ona görə də bu gün müharibənin bizə bir təsiri yoxdur. Amma proseslər bu cür gedərsə, Rusiyaya iqtisadi sanksiyaların tətbiqi davam edərsə, Rusiya bazarında alıcılıq qabiliyyəti azalacaq və bu da bizim ixrac potensialımızı aşağı salacaq. Bu gün Azərbaycandan ixrac olunan narın təqribən 80 %-ə qədəri Rusiya bazarına, 20 %-i isə Ukrayna bazarına göndərilir".

Onun sözlərinə görə, bu il dərman gübrəsi idxalında qiymətlərin baha olmasını nəzərə alaraq, nar istehsalında maya dəyərinin bir az artacağı gözlənilir: "Həmçinin Rusiya rublunun dəyər itirməsi də bazarlarda narın qiymət artımına səbəb olacaq. Biz onsuz da xərclərə görə narı baha qiymətə yetişdiririk. Rusiya bazarında da qiymətləri yüksək qoymağa məcburuq. Ukrayna bazarına gəlincə, vəziyyət belə davam edərsə, biz bu bazarı itirmiş oluruq”.

Assosiasiya rəhbəri qeyd edib ki, hazırda nardan hazırlanan məhsulların satışı Rusiya ticarət şəbəkələrində köhnə qiymətlərlə həyata keçirilir: "Lakin yerli istehsalçılar bu qiymətlərin artırılması istiqamətində düşünürlər. Çünki mövcud vəziyyətlə əlaqədar rublun dəyərinin aşağı düşməsi bizim sahibkarlar üçün o qədər də sərfəli deyil. Bu səbəblə qiymət artımı qaçılmazdır”, - F.Qaraşov əlavə edib.

Qeyd edək ki, ötən il Azərbaycan ümumilikdə 29,253 milyon ABŞ dolları dəyərində 21 716 ton nar ixrac edib. Bunun 15 042 tonu (26,638 milyon ABŞ dolları) Rusiya bazarının, 4 975 tonu Ukrayna bazarının (1,951 milyon ABŞ dolları), 438,93 tonu (169,13 min ABŞ dolları) Belarusun, 156,85 tonu (70,93 min ABŞ dolları) Qazaxıstanın, 41 tonu (27,25 min ABŞ dolları) Türkmənistanın və 29,85 tonu (13,84 min ABŞ dolları) Moldovanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi