Qarabağ və Şərqi Zəngəzurun orqanik məhsullar markası yaradıla bilər

Qarabağ və Şərqi Zəngəzurun orqanik məhsullar markası yaradıla bilər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının orqanik məhsullar markası yaradıla bilər.
ASK
27 Sentyabr , 2023 15:03
Qarabağ və Şərqi Zəngəzurun orqanik məhsullar markası yaradıla bilər

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının orqanik məhsullar markası yaradıla bilər.

Bunu “Report"a açıqlamasında "Azərbaycan Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Emin Əliyev bildirib.

"Burada əsas məqsəd həmin ərazilərdə orqanik məhsulların istehsalıdır. Bununla bağlı təkliflərimizi Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmişik. Ölkəmizdə orqanik məhsul istehsalı üçün torpaq və su ehtiyatlarından səmərəli istifadəsi, zədələnmiş torpaq sahələrimizin yenidən bərpa edilməsi önəmlidir.

Ümumiyyətlə, ölkədə orqanik məhsul istehsalının genişləndirilməsi üçün böyük potensial var. Doğrudur, bu sahədə ciddi problemlər də mövcuddur. Amma əsas məqsəd ondan ibarətdir ki, biz ölkəmizin orqanik məhsul istehsalı potensialını xüsusilə qardaş türk dövlətlərinə təqdim edək və onların bu günə qədər əldə etdikləri təcrübədən yararlanaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının əsası keçən əsrin 90-cı illərinin sonlarında qoyulub. 2008-ci ilin iyununda “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun qəbul olunmuş, normativ hüquqi və informasiya-məlumat bazası formalaşdırılıb. 2019-cu ildə isə “Orqanik məhsul istehsalı haqqında” qanun layihəsi hazırlanmışdır. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı qarşıya mühüm vəzifə kimi qoyulub. Yol xəritəsində qarşıya qoyulan vəzifələrin icrası vaxtında təmin olunarsa, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərin sayının 50 %, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal həcminin isə 200 % artacağı proqnozlaşdırılır.

Ölkədə orqanik yetişdirilən fındıq, qoz, fıstıq, quru meyvələrə dünya bazarında böyük tələbat var. Azərbaycanda istehsal olunan paxlalılar, tibbi aromatik bitkilər, pambıq və zeytun kimi məhsullar da orqanik istehsal məhsulları arasında yer alır. Bitki mənşəli istehsalla yanaşı, orqanik heyvan məhsulları istehsalına da son illər maraq artır. Ət, süd, pendir, qatıq, yumurta və bal orqanik bazarda artıq öz yerini alır. Böyürtkən, moruq, adaçayı, itburnu, kəklikotu kimi bitkilər də orqanik məhsul olaraq böyük potensiala malikdir, çünki Azərbaycanda meşə massivlərində yabanı şəkildə yetişən və tam orqanik məhsul sayılan bu cür meyvələrin sertifikatlaşdırılaraq dünya bazarlarına çıxarılması üçün problem yoxdur.

Son xəbərlər

Orphus sistemi