Pakistan Azərbaycana kartof ixracını 100 dəfədən çox artırıb
- 22 aprel, 2022
- 06:39
Bu ilin ilk iki ayında Azərbaycan xaricdən 10,64 milyon ABŞ dolları dəyərində 41 min 640 ton kartof (toxumluq kartofdan başqa) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 13,8 %, kəmiyyət olaraq – 7,1 % artıb.
Türkiyədən 4,85 milyon ABŞ dolları dəyərində 19 min 408 ton, İrandan 3,75 milyon ABŞ dolları dəyərində 15 min 135 ton, Ukraynadan 822,45 min ABŞ dolları dəyərində 2 min 742 ton, Pakistandan 750,6 min ABŞ dolları dəyərində 2 min 502 ton, Gürcüstandan 463,2 min ABŞ dolları dəyərində 1 min 853 ton məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 18 dəfə və 18,1 dəfə artıb, İrandan – 58,2 % və 59,5 % azalıb, Pakistandan – 105 dəfə və 104,7 dəfə artıb, Gürcüstandan – 5,7 dəfə və 5,6 dəfə artıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan kartof idxal etməyib.
Hesabat dövründə Azərbaycan 367,98 min ABŞ dolları dəyərində 748,43 ton kartof ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 38,3 % və 5,8 % çoxdur.
Rusiyaya 350,44 min ABŞ dolları dəyərində 709,38 ton, Belarusa 17,54 min ABŞ dolları dəyərində 39,1 ton məhsul göndərilib. Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 66,9 % və 51,5 % artıb, Belarusa – 28,6 % və 59 % azalıb.