Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur"

Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur" Azərbaycanda iqlim dəyişikliyinin kənd təsərrüfatına ciddi mənfi təsirləri müşahidə olunur.
ASK
24 Sentyabr , 2024 11:02
Nazir: İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur

Azərbaycanda iqlim dəyişikliyinin kənd təsərrüfatına ciddi mənfi təsirləri müşahidə olunur.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.

Nazir qeyd edib ki, hazırda dünyada iqlim dəyişikliyinin fəsadları getdikcə artmaqdadır:"Mənfi təsirlər kənd təsərrüfatı sektorunda daha qabarıq şəkildə görsənir. Son illər kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayır. Müşahidələrə görə havanın orta temperaturu son illərdə 0,8-1,8 dərəcə artıb. Atmosfer yağıntılarının miqdarı isə orta hesabla 8-10 % azalıb. Bu da dəmyə əkinçilik ənənələrinə ciddi fəsad törətməklə yanaşı, taxıl bitkilərinin məhsuldarlığının da aşağı düşməsinə səbəb olur".

Nazirin sözlərinə görə, ölkədə iqlim dəyişikliyinin əsas təsirləri su ehtiyatlarının azalması, quraqlıq və temperaturun artması kimi problemləri özündə cəmləşdirir:" Su ehtiyatlarının azalması məhsuldarlığın azalmasına və fermerlərin qarşılaşdığı problemlərin artmasına səbəb olur. Xüsusilə pambıq, taxıl, və tütün kimi strateji məhsulların istehsalında bu risklər özünü daha qabarıq biruzə verir.

Beynəlxalq hesabatlara əsasən dünyada su və torpaq resurslarının istehsal imkanları son həddə doğru getməkdədir. Qlobal iqlim dəyişikləri, su çatışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında son 20 ildə 190 milyon hektardan çox torpaq sahəsinin aktiv deqradasiyaya məruz qalaraq sıradan çıxması acınacaqlı fakt qarşımızda durur. Hazırda dünyada ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması günümüzün ən aktual məsələsidir. Məlumdur ki, kənd təsərrüfatı sektorunun inkişafı torpaq, su və iqlim kimi ətraf mühit amillərindən bilavasitə asılıdır".

Son xəbərlər

Orphus sistemi