Kənd təsərrüfatı naziri Məcnun Məmmədov şimal bölgəsinə səfəri çərçivəsində təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
"Report" nazirliyə istinadən xəbər verir ki, nazir əvvəlcə Şabran rayonunun Udullu kəndində Pivot suvarma sistemi altında olan qarğıdalı sahəsi ilə tanış olub.
Daha sonra M.Məmmədov rayonun Ağalıq kəndində 50 ha sahədə salınmış intensiv və superintensiv alma, armud, gavalı, nektarin, gilas və heyva bağlarına baş çəkib.
Nazir həmçinin Dəvəçi kəndində fəaliyyət göstərən quşçuluq təsərrüfatı ilə tanış olub, istixana kompleksində olub.
Azərbaycanda aqroekoturizm təsərrüfatlarından biri Şabranda yerləşir. Ümumi sahəsi 1,5 ha olan bağda 50-dən artıq növ və çeşiddə meyvə-tərəvəz yetişdirilir.
Görüşdə aqroekoturizmin daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən təsərrüfatlar arasında əməkdaşlıq, xarici təcrübənin öyrənilməsi, daxili turizmin inkişafında və regionlarda məşğulluq səviyyəsinin artmasında bu sahənin rolu barədə müzakirələr aparılıb, fermerə nazirliyin müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək tövsiyə olunub.