Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir - FOTO - VİDEO - YENİLƏNİB

Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir - FOTO - VİDEO - YENİLƏNİB Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq
ASK
19 Dekabr , 2017 18:02
Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 15:28

Lənkəran. 19 dekabr. REPORT.AZ/ Lənkəran şəhərində “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir. 

"Report"un Cənub bürosu xəbər verir ki, bu kütləvi tədbir əslində bütün sahələri əhatə edən məhsul bolluğu bayramı da sayıla bilər.

"Çay, çəltik, sitrus festivalı" digər ictimai tədbirlərdən özünün illik hesabat və möhtəşəmlik xarakteri, eləcə də kütləviliyi ilə fərqləndiyi üçün bayram tədbiri Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında keçirilir.

Meydanda 4 böyük pavilyon, 100-ə yaxın stend və sərgi tumbası qurulub.

Festivala təşrif buyuran rəsmi nümayəndələr ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov festivalı açıq elan edərək qeyd edib ki, ötən əsrin 70-80-ci illərində respublika səviyyəsində keçirilmiş və ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək respublikaya örnək göstərilmiş ilk məhsul bayramlarına ev sahibliyi etmiş Lənkəranın Prezident İlham Əliyevin ardıcıl diqqəti ilə yenidən inkişaf edib əvvəlki şöhrətli dövrünə qayıtması hər bir lənkəranlı üçün qürurvericidir. Lənkəran şəhərinin, bütövlükdə, rayonun simasını tamamilə dəyişmiş genişmiqyaslı tikinti-abadlıq, mədəni-quruculuq işlərini, məhsul bolluğunu, həyat şəraitinin durmadan yaxşılaşmasını sakinlərin sonsuz sevinc və minnətdarlıqla qarşıladığını diqqətə çatdıran natiq böyük zəhmət və əzmkarlıq bahasına qazanılmış nailiyyətlərlə fəxr edən lənkəranlıların bu festivalı alnı-açıq, üzüağ qarşıladıqlarını xüsusi vurğulayıb. Sonra icra başçısı Prezident İlham Əliyevin ardıcıl diqqəti sayəsində rayonun sosial-iqtisadi inkişafı, sənayenin, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusilə çayçılıq, çəltikçilik və sirtus meyvəçiliyinin inkişafı sahəsində əldə olunmuş sevindirici nəticələrin yekunları barədə ətraflı məlumat verib. O, əsl əmək və məhsul bolluğu bayramı kimi keçirilən festivalın rayonun ictimai-siyasi həyatında unudulmaz, əlamətdar hadisəyə çevriləcəyini və lənkəranlıları daha böyük qələbələrə ruhlandıracağını bildirib. 

Ölkəmizdə ilk olaraq təşkil olunan bu festival Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılıb.

Örtülü pavilyonlarda Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunub.

Bundan başqa, tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan "Haşimi", "Sədri", "Campo" düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan "Ləvəngi"dən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunub.

Axşam saatlarında isə festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, musiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş etdiriləcək.

Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi