Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub

Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub.
ASK
11 Sentyabr , 2024 17:21
Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Goranboy və Tərtər rayonlarında toxum sərgi-satış yarmarkası təşkil olunub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Tədbirə Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən Goranboy, Daşkəsən, Göygöl, Samux rayonlarından və Qarabağ iqtisadi rayonu üzrə Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından fermerlər qatılıblar.

Ənənəvi olaraq keçirilən toxum sərgi-satış yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin qurumları, digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Festivallarda kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif dənli və tərəvəz bitki sortlarının sertifikatlı toxumları iştirakçılara nümayiş olunub.

Festival çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib. Sərgi bölməsində alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları nümayiş olunub.

Tədbirin açılış mərasimində çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov toxum sərgi-satış yarmarkalarının ölkənin müxtəlif bölgələrində keçirilməsinin fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparılması imkanlarını verdiyini qeyd edib.

Tədbir çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə geniş məlumat verilib. Fermerlərin yarana biləcək sualları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları operativ məsləhət xidməti göstərib.

Goranboy və Tərtər rayonlarında keçirilən festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində mütəxəssislər tərəfindən toxum və bitki mühafizə tədbirlərinə dair təlimlər keçirilib.

Növbəti toxum sərgi-satış yarmarkalarının Qax, Balakən, Masallı, Neftçala, Beyləqan, Şabran və Cəlilabad rayonlarında keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi