Gədəbəydə Aqrar Biznes Festivalı keçirilib

Gədəbəydə Aqrar Biznes Festivalı keçirilib Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Qazax-Tovuz iqtisadi rayonu üzrə yekun Aqrar Biznes Festivalı keçirilib.
ASK
9 İyul , 2024 17:29
Gədəbəydə Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Qazax-Tovuz iqtisadi rayonu üzrə yekun Aqrar Biznes Festivalı keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir.

Festivala Gədəbəy, Daşkəsən, Göygöl, Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarından fermerlər qatılıblar.

Heydər Əliyev Mərkəzində keçirilən festivalda müxtəlif gübrə və pestisidlər, müasir texnika və aqreqatlar, yeni texnologiyalarla yanaşı, bu iqtisadi rayonda fəaliyyət göstərən yerli şirkətlərin məhsulları nümayiş olunub. Festival çərçivəsində “Qazax-Tovuz iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda panel müzakirə keçirilib. Tədbirdə nazirliyin Aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və aqrar sahədə ixtisaslaşmış özəl şirkətlərin mütəxəssislərinin iştirakı ilə bölgənin tərəvəzçilik, taxılçılıq və heyvandarlıq istiqamətlərində mövcud vəziyyət və innovativ texnologiyaların tətbiqi mövzularında təqdimatlar olub. Panel sessiyada regionun kənd təsərrüfatının prioritet sahələri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb.

Festival zamanı innovativ təsərrüfatların bölgələrdə daha geniş vüsət alması və təbliği məqsədilə yüksək məhsuldarlıq göstəricilərinə malik, yeni yanaşma və innovativ texnologiyaların tətbiq olunduğu, aqrokimyəvi texniki qulluq qaydalarına əməl edən təsərrüfatların mütəxəssisləri öz təcrübələrini bölüşüblər. Festival çərçivəsində COP29 təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub.

Eyni zamanda, regionda sahibkarlığın inkişafına dəstək vermək, güzəştli kreditlərlə bağlı məlumatlılığı artırmaq məqsədilə festivalda 10-a yaxın bank və bank olmayan kredit təşkilatı da iştirak edib. Fermerlərin kreditlərlə bağlı suallarını mütəxəssislər ətraflı cavablandırıb.

İndiyə qədər Mərkəzin təşkilatçılığı ilə Qazax-Tovuz iqtisadi rayonu üzrə Ağstafa, Qazax, Şəmkir, Tovuz rayonlarında festivallar təşkil edilib. Bu festivallarda 4600-ə yaxın fermer, 100-ə yaxın dövlət qurumu və aqrar sahədə ixtisaslaşmış yerli və xarici şirkət iştirak edib.

Son xəbərlər

Orphus sistemi