Cəbrayıl. 2 fevral. REPORT.AZ/ Bu gün Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi istifadəyə verilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) tərəfindən həyata keçirilib.
Tədbiri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açaraq Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cocuq Mərcanlıda yem emalı müəssisəsinin istifadəyə verilməsi kəndin sosial-iqtisadi inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli addımdır.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov isə Cocuq Mərcanlıda görülən işlər barədə məlumat verərək yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişləndirilməsinə şərait yaradacağını diqqətə çatdırıb.