Biləsuvar Rayon İcra Hakimiyyətində taxıl biçininə hazırlıqla əlaqədar tədbir keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə bildirilib ki, yaxın günlərdə rayon ərazisində taxıl biçini mövsümü başlayacaq.
Biçin mövsümü ərzində sahələrdə yanğın təhlükəsizliyinə ciddi əməl olunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Qeyd edilib ki, bütün ərazilərdə biçin müvafiq texniki normalara uyğun aparılmalı və yanğın təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlər görülməlidir.
Bildirilib ki, bu məsələlərlə bağlı torpaq mülkiyyətçiləri maarifləndirilməli və biçini aparan texniki heyət ehtiyatlı davranmalıdır. Yanğın təhlükəsizliyi, həmçinin taxılın tez və itkisiz yığılıb daşınması üçün lazım olan bütün tədbirlər həyata keçirilməlidir.
Tədbirdə Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzi və DYMX-nin Biləsuvar Yanğından Mühafizəsi tərəfindən görülən işlər barədə məlumat verilib.
Qeyd edilib ki, bu ilin məhsulu üçün ötən ilin payızında rayon üzrə ümumilikdə 39290 hektar olmaqla, 27487 hektar arpa, 11803 hektar isə buğda bitkisi əkilmişdir. Əkin sahələri nəzərə alınmaqla, taxıl biçinini növbəlilik əsasında, tez bir zamanda və təhlükəsiz şəraitdə başa çatdırmaq üçün bütün tədbirlər icra olunmuşdur.
Tədbirdə taxıl biçini ilə əlaqədar qarşıya çıxa biləcək məsələlər və həllinə dair təkliflər müzakirə edilib, müraciətlər dinlənilib və müvafiq tapşırıqlar verilib.