Yuxarı

Azərbaycanın daha 4 şirkəti Rusiyaya ət və süd məhsulları ixrac edəcək

Digər yerli müəssisələrin də Reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası çərçivəsində yaradılan kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının Moskva şəhərində növbəti görüşü keçirilib.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi olaraq, Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin müvafiq qərarı ilə toyuq əti istehsal edən "Qəbələ Quşçuluq" ASC, hazır ət məhsulları istehsal edən "Səhliyalı" MMC, süd və süd məhsulları istehsal edən "Biləsuvar Aqro" MMC və "Pal Food" MMC Xidmət tərəfindən aparılan reyestrə daxil edilib. Həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib.

Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, sözügedən Hökumətlərarası Komissiya çərçivəsində yaradılan kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının fəaliyyəti dövründə indiyədək 12 Azərbaycan şirkəti Rusiyaya məhsullarını ixrac etmək üçün RF-nin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi